Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Şərur rayon icra hakimiyyətinin və polis idarəsinin əməkdaşlarının iyulun 15-də jurnalistlərə qarşı törətdikləri zorakılığı qətiyyətlə pisləyir.
Qeyd edək ki, konflikt Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.
RATİ Naxçıvan Muxtar Respublikası hakimiyyətini jurnalistlərə qarşı dözümlü olmağa, jurnalistlərin normal fəaliyyətləri üçün şərait yaratmağa və onlara təzyiq edən şəxsləri cəzalandırmağa çağırır. Habelə RATİ Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevə müraciət edərək, onu Naxçıvan Muxtar Respublikasında medianın durumu ilə bağlı vəziyyətə müdaxilə etməyə, jurnalistlərin təhlükəsiz fəaliyyəti üçün şərait yaratmağa, jurnalistlərə təzyiq edən şəxslərin isə cəzalandırılmağına çağırış edir.
RATİ qeyd edir ki, baş verən son insident onsuz da söz və mətbuat azadlığının durumuna görə mənfi imicə məxsus Azərbaycana növbəti ləkədir və bu kimi hər bir hadisə “Avroviziya-2012”-nin astanasında olan Azərbaycana başucalığı gətirmir.