Bu gün “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev azadlığa buraxılıb. Bu barədə məlumatı RATİ-yə jurnalistin qardaşı Bəhruz Quliyev verib.
O qeyd edib ki, “bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə Nazim Quliyevin həbsini nəzərdə tutan Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb. İddiaçı tərəf – Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla “İdeal” qəzeti arasında əldə olunan qarşılıqlı barışıq əsasında məhkəmə cinayət işinə xitam verib və N. Quliyev məhkəmə zalından azadlığa buraxılıb”.
Xatırladaq ki, Nazim Quliyev bu il noyabrın 6-da Ramiz Zeynalovun iddiası əsasında Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun qərarı ilə 2 il 6 ay müddətinə həbs edilmişdi. Ramiz Zeynalov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı.