“Oğlumun avtoqəzaya düşməsindən bir aydan çox keçsə də polis təqsirkar şəxslə bağlı hər hansı tədbir görmür. Ya da görüblərsə mənə bu barədə heç bir məlumat verilmir”. , “Ayna”- “Zerkalo” qəzetlərinin, habelə RATİ-nin əməkdaşı İdrak Abbasov bunu RATİ-də keçirdiyi mətbuat konfransında deyib.
Qəza bu il martın 6-da Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən 313 saylı uşaq bağçasının qarşısında törədilib.
VAZ 07 markalı maşının sürücüsü Azər 5 yaşlı Səid Abbaszadəni vuraraq hadisə yerindən qaçıb. Amma həmin gün də tapılaraq polisə təhvil verilib. Jurnalist qeyd edib ki, Azəri polisə gətirəndə onun şəxsiyyət vəsiqəsi özündə yox, 40- saylı Polis Bölməsində olub. Sürücülük vəsiqəsi olmayıb, maşın başqa şəxsin adına olub. “Bu qədər qanunazidd fakt olduğu halda polisin tədbir görməməsi mən də qəzanın bilərəkdən törədilməsi qənaəti yaradıb”, – deyə İdrak Abbasov polisin fəaliyyətsizliyinə münasibətini belə ifadə edib.
“Bu qədər gözlədim, tədbir görülmədi, odur ki, məsələni ictimailəşdirməyi qərara aldım”, -deyə İdrak Abbasov mətbuat konfransı keçirməsinin səbəbinə toxunub.