“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov dünən (22 may) 17 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) köçürülüb.
Bu barədə RATİ-yə baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. Sadıqovun sözlərinə görə, baş redaktor mayın 21-i 10 saylı CM-ə köçürülməli idi. “Ola bilsin ki, həmin gün köçürülmədiyi üçün 10 saylı yox, 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb”, – deyə vəkil əlavə edib.
Qeyd edək, 17 saylı CM şəhərin mərkəzindən 35 km kənarda (Binə qəsəbəsində) yerləşir.
Xatırladaq ki, Zahidov 07 mart 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın qərarı ilə Cinayət Məcəlləsinin 127.2.3 maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib.
*Öz tənqidi və sərt yazılarına görə, Qənimət Zahidovla yanaşı həbs edilən digər jurnalistlər də (Eynulla Fətullayev, Mirzə Sakit və Müşfiq Hüseynov) şəhərdən xeyli kənarda yerləşən Cəzaçəkmə Müəssisələrinə köçürülüblər.