HƏZİYEVİN HƏDƏLƏNDİYİ İDDİA EDİLƏN TELEFON NÖMRƏSİNDƏN RƏSMİ OLARAQ JURNALİSTƏ ZƏNG GƏLMƏYİB

Bu gün (23 may) Kənd Təsərrüfatı Nazirliyindən RATİ-yə faks daxil olub.

Faksla daxil olan sənəd Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru N. Mərdanovun imzası ilə  Kənd Təsərrüfatı Nazirliyinə gələn  cavab məktubudur:
   “Sizin 09/3-13/28 saylı 21.05.2008- ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, 493-17-21 saylı telefondan 01.05.2008-20.05.2008- ci il dövrü ərzində şəhərlərarası, mobil və beynəlxalq istiqamətlərdə danışıqlar aparılmamışdır”, – deyə məktubda qeyd olunub. 
   Qeyd edək ki, mayın 17-i "Azadlıq" qəzetinin şərhçisi Seymur Həziyevin RATİ-yə verdiyi məlumata görə, onun mobil telefonuna 012-493-17-21 nömrəli şəhər telefonundan zənglər gəlmiş və jurnalist hədələnmişdir.
   Bununla bağlı RATİ  araşdırma aparmış və məlum olmuşdur ki, 012-493-17-21 saylı telefon nömrəsi Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayan RATİ-nin əməkdaşı ilə söhbətində Nazirliyin Büdcə Təşkilatlarında Əməliyyatların Uçotu və Hesabatı şöbəsinin müdiri Telman Orucov bu nömrədən Həziyevin mobil nömrəsinə zəng olunmadığını bildirmişdi:  
  “Özümüz bu məsələni araşdırmağa çalışacayıq, birinci növbədə bununla bağlı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sorğu göndərəcəyik və məktubumuzun cavabını RATİ-yə də təqdim edəcəyik”.
 Qeyd edək ki, RATİ- yə daxil faks həmin sorğuya verilən cavab məktubudur.
   RATİ bu məsələyə mövqeyini öyrənmək məqsədilə Seymur Həziyevlə də təkrar əlaqə saxlayıb və jurnalistin fikirlərini öyrənib: 
   ”Bu məsələ mənim üçün anlaşılmazdır. Silsilə tənqidi yazılarımın Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı heç bir əlaqəsi olmayıb. Mən iddia etmirəm ki, Kənd Təsərrüfatı Nazirliyindən mənə zəng gəlib və məni hədələyiblər. Fakt ondan ibarətdir ki, həmin nömrədən mobil nömrəmə zəng olunub və mən hədələnmişəm”, – deyə qeyd edən Həziyev də bu anlaşılmaz vəziyyətlə bağlı jurnalist araşdırmasına başladığını dedi.

 

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORU BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Next Post

QƏNİMƏT ZAHİDOV BİNƏ QƏSƏBƏSİNDƏ YERLƏŞƏN 17 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.