Dünən Yasamal rayon məhkəməsi “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın “Azadlıq” qəzetini və onun əməkdaşı Ramin Dekoya (Cəbrayılzadə) qarşı qaldırdığı iddianı qismən təmin edərək, qəzetin 30 000 (otuz min), R.Dekonun isə 2000 (iki min) manat cərimələnməsi və qəzetin təkzib verməsinə dair qərar verib. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Belə ki, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin onun işgüzar nüfuzunu ləkələdiyini hesab edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı təkzib verilməsini və cavabdehlərin hər birinin 50 000 manat cərimələnməsini və bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş etmişdi.