Avropa Birliyinin Enerji Siyasəti və Azərbaycanda İnsan Haqlarının Boğulması

Avropa Komissiyasının Prezidenti

cənab Jose Manuel Barrozoya

Avropa Birliyi Şurasının Prezidenti

cənab Herman van Rompuya

Surəti: Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə

Cənab prezident Barrozo və cənab Prezident Van Rompuy,

Sizin Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşünüz ərəfəsində biz Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı  öz narahatlıqlarımızı sizin diqqətinizə çatdırmaq və bu problemlərin həllində bizə dəstək olmağınızı xahiş etmək istərdik.

Əlbəttə ki, Avropa Birliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində davamlı əməkdaşlığı görüşün gündəliyində duran ən mühüm məsələ olacaq. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil bütövlükdə region üçün əhəmiyyətlidir. Lakin Azərbaycanda insan haqlarının pisləşməkdə olan durumu da bunun qədər diqqət yetirilməli və narahatlıq doğuran bir məsələdir.

Azərbaycan hökuməti Avropa Birliyi (AB-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində), ATƏT, Avropa Şurası və BMT Təhlükəsizlik Şurası qarşısında ifadə azadlığının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

2009-cu ildə konstitusiyaya edilmiş dəyişiklik prezident seçilmək üçün iki müddətlik məhdudiyyəti aradan qaldıraraq Azərbaycan prezidenti İlham Əliyevə ölkəni ömürlük idarə etmək imkanı yaratdı. Avropa Şurasının konstitusional məsələlər üzrə məsləhətçi qurumu olan Venesiya Komissiyası xəbərdarlıq edərək bildirib ki, prezident müddəti məhdudiyyətinin aradan qaldırılması “Azərbaycan tərəfindən möhkəmlənmiş demokratiya istiqamətində ciddi geriləmə” hesab oluna bilər.

Bu ay hakim Yeni Azərbaycan Partiyası hazırkı prezident İlham Əliyevin oktyabrda keçiriləcək seçkilərdə üçüncü müddətə namizədliyini irəli sürüb.

Mövcud seçki qanunvericiliyi azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dəfələrlə seçki komissiyalarına etimadın olmadığını bildirsə də hakimiyyət bu istiqamətdə müsbət addımlar atmayıb.

Oktyabrda baş tutacaq prezident seçkilərinə sayılı aylar qaldığı bir vaxtda Azərbaycan hakimiyyəti rejimi (xüsusən də internetdən istifadə etməklə) tənqid edən şəxsləri təhdid etməkdə həmişəkindən daha qərarlı görünür. Jurnalistlərin, bloggerlərin və müxalif fəalların repressiv qanunlar, həbslər, fiziki təzyiqlər və qarayaxma kampaniyaları formasında getdikcə daha çox təzyiqə məruz qalması ilə ölkədə ifadə azadlığı mühiti gündən-günə pisləşir.

Əliyev rejimi öz tənqidçilərini susdurmaq üçün hakim dairələrin maraq dairəsinə daxil olan mövzuları araşdıran jurnalistlərə qarşı törədilmiş fiziki-mənəvi hücumların (iki qətl faktı daxil olmaqla) cəzasız qalmasına görə məsuliyyət daşıyır. Hətta bu məktubu yazdığımız üçün biz özümüz də onun tərəfindən hədəfə alına bilərik, Prezident Əliyev bunu iyunun 7-də özünün digər tənqidçilərinə qarşı dözümsüz münasibət nümayiş etdirməsi ilə təsdiq edib.

Siyasi baxışlarına və fəaliyyətinə, xüsusən də tənqidi fikirlərinə, həmçinin üzləşdiyi problemlərə etiraz etdiklərinə görə həbs edilən şəxslərin sayı artmışdır. Uzun olduğu üçün qanunsuz olaraq həbs edilənlərin siyahısına varmadan qeyd edə bilərik ki, Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri, Prezidentliyə potensial namizəd İlqar Məmmədovun, NİDA Vətəndaş Hərəkatının 7 fəalının, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin, jurnalist Tofiq Yaqublunun, vəkil Qurban Məmmədovun həbsi bunun bariz nümunəsidir.

Əvvəlki illərdəki həbsləri nəzərə aldıqda hazırda Azərbaycanda 7 jurnalist və 2 hüquq müdafiəçisi də həbsdədir. Həbs edilmiş şəxslərə qarşı qanunsuz və amansız münasibət nümayiş etdirilib və bu davam etməkdədir. Məsələn, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının dalağı təhlükəli dərəcədə şişib və o talassemiya xəstəsi olsa da Qurbanlının azad edilməsi istiqamətində hakimiyyət tərəfindən heç bir addım atılmır.

Diffamasiya (böhtan) və təhqirə görə nəzərdə tutulan sərt cəzalar artıq Azərbaycanın fəal sosial şəbəkələrinin də daxil olduğu internetdə yayılan məzmuna da şamil olunub. Etiraz aksiyalarına görə tətbiq olunan cəzalar sərtləşdirilib. Bir çox inzibati xətalara görə tətbiq olunan inzibati həbsin maksimum müddəti xeyli artırılıb.

2005-ci ildə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını[1] ratifikasiya etməklə Azərbaycan dövlət idarəçiliyində şəffaflığın artırılması üçün tədbirlər görmək öhdəliyini qəbul etsə də, buna əməl etmək əvəzinə hökumət “İnformasiya Əldə Etmək haqqında”, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri  haqqında” və “Kommersiya Sirri haqqında” qanunlara bir sıra dəyişikliklər etmişdir. Bu dəyişikliklər kommersiya hüquqi şəxslərə öz dövlət qeydiyyatı, rəhbərliyi və strukturu haqqındakı məlumatları gizli saxlamağa icazə verir. Bu dəyişikliklər informasiya azadlığının beynəlxalq standartları ilə ziddiyyət təşkil etməklə yanaşı jurnalistlərin korrupsiya hallarını araşdırmasını və ictimailəşdirməsini daha da çətinləşdirdi.

Ölkəmizdəki mövcud insan haqları durumu barədə kifayət qədər məlumatlı olduğunuzu düşünərək bu məsələnin geniş təfərrüatına varmadan qeyd etmək istərdik ki, Azərbaycan hökuməti Avropa Birliyi qarşısında (Avropa Birliyi-Azərbaycan Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində) insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Əgər Avropa Birliyi dəyərlərə önəm verən biri qurumdursa və qlobal siyasətdə müsbət hərəkətverici qüvvə olmaq istəyirsə, o zaman insan haqları və fundamental azadlıqlarının təşviqi onun qlobal fəaliyyətinin əsas meyarı olmalıdır. Bu səbəbdən biz Avropa Birliyini Azərbaycana münasibətində insan haqlarına əsaslanan yanaşmadan istifadə etməyə çağırırıq.

Avropa Birliyi və Azərbaycan arasındakı enerji təhlükəsizliyi tərəfdaşlığı mühüm və səmərəli olsa da, bu münasibətlərin əsasında insan haqlarına qarşılıqlı hörmət dayanmalıdır. Avropa Birliyi “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanla memorandum imzalayarsa, bu zaman insan haqları məsələsi tərəfdaşlığın vacib şərtlərindən biri kimi qeyd olunmalıdır.

Əksəriyyəti enerji resursları ilə zəngin olan Ərəb və Yaxın Şərq ölkələrindəki inqilablar sabitliyin illuziya mahiyyətli olduğunu nümayiş etdirdi. Enerji ilə zəngin olan ölkələrdə təhlükəsizlik Qərb dövlətləri üçün əhəmiyyətlidirsə bunu “aşağıdan yuxarıya” prinsipi əsasında qurmaq lazımdır – yəni bu prosesə fundamental insan haqlarına hörmətdən başlamaq lazımdır.

Cənab prezident Barrozo və cənab Prezident Van Rompuy,

Həbs olunmuş fəallar, qətlə yetirilmiş jurnalistlər, həmçinin hüquqları pozulan insanlar öz müdafiələri üçün səslərini ucalda bilmirlər. Buna görə də, biz sizdən onların adından bu haqsızlığa son qoyulmasını tələb etməyinizi xahiş edirik.

İnsan haqları ilə bağlı problemlər nadir hallarda ölkə çərçivəsində həllini tapır. Bizim ifadə etdiyimiz narahatlıqların bir qismi Avropa Parlamentinin Azərbaycanda insan haqlarının durumu ilə bağlı 12 may 2011-ci il tarixli qətnaməsində, həmçinin Avropa Birliyi və Avropa Şurasının çoxsaylı bəyanatlarında yer alıb. Bu səbəbdən Sizləri cənab Əliyevlə görüşləriniz zamanı Azərbaycanda insan haqlarının müdafiəsinin vacib olduğunu vurğulamağa çağırırıq.

Müraciətimizə diqqət yetirdiyinizə görə sizə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

  1. İntiqam Əliyev, Hüquq Maarifçilik Cəmiyyəti
  2. Arzu Abdullayeva, Helsinki Vətəndaş Assembleyasının Azərbaycan Nümayəndəliyi
  3. Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi
  4. Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
  5. Vidadi İsgəndərli, Demokratiyanı Müdafiəsinə Kömək İctimai Birliyi
  6. İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
  7. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
  8. Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
  9. Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyi
  10. Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
  11. Zaur Əkbər, Gənclər Klubu
  12. Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəzi
  13. Bəxtiyar Hacıyev, Müsbət Dəyişiklik Gənclər Hərəkatı
  14. Mətanət Əzizova, Qadın Krizis Mərkəzi
  15. Elçin Abdullayev, Demokratik İnstitutlar və İnsan Haqları İctimai Birliyi
  16. Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti
  17. Samir Kazımlı, Siyasi Azadlıqların Müdafiə Alyansı
  18. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi
  19. Sevinc Məmmədova, Feminist Qadınlar Hərəkatı İctimai Birliyi
  20. Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda Cəmiyyət
  21. Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsi
  22. Mehriban Vəzir, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi
  23. Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
  24. Aygün Pəncəliyeva, NİDA Vətəndaş Hərəkatı
  25. Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi
  26. Elşən Həsənov, Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı
  27. Xalid Kazımov, Regional İnsan Hüquqları və Media Mərkəzi
  28. Ülvi Həsənli, Azad Gənclik təşkilatı
  29. Əlövsət Əliyev, Azərbaycan Miqrasiya Mərkəzi
  30. Elçin Namazov, Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu
  31. Fuad Həsənov, Demokratiya Monitoru
  32. Gülnarə Axundova, Azərbaycan Media Mərkəzi
  33. Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
  34. Xədicə İsmayılova, araşdırmaçı jurnalist
  35. Ziya Quliyev, Hüquqi Təşəbbüslər Mərkəzi
  36. Mehman Əliyev, Turan İnformasiya Agentliyi
  37. Hafiz Həsənov, Hüquq və İnkişaf İctimai Birliyi
  38. İlqar Hüseynli, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzi
  39. Samir İsayev, Hüquqi Düşüncə İctimai Birliyi
  40. Sevil İsayeva, Ekoleks Ekoloji Hüquq Mərkəzi
  41. Yaşar Ağazadə, İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi
  42. Nəsrulla Nurullayev, Ahıl Ziyalılar Birliyi
  43. Rəşid Hacılı, Media Hüququ İnstitutu
  44. Xalid Bağırov, vəkil
  45. Asimə Nəsirli, hüquqşünas
  46. Emin Milli, Meydan TV
  47. Yalçın İmanov, vəkil
  48. Cavad Cavadov, vəkil
  49. Firudin Allahverdi, bəstəkar
  50. Elmir Mirzoyev, bəstəkar

 

Əlavə məlumat üçün əlaqə:

Rəsul Cəfərov, İnsan Hüquqları Klubu 

E-mail: resul.j@gmail.com

Telefon: +994 50 586 35 37

Skype: rasul.jafarov

Gülnarə Axundova, Azərbaycan Media Mərkəzi                            

E-mail:  gln.akhundova@gmail.com

Telefon:+994 50 204 04 14

Skype: Gulnara.Akhundova

Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu    

E-mail:   emin@irfs.org

Telefon: +944 50 398 48 38

Skype: irfs.az

                                                                                                                                    

Previous Post

Teleaparıcı və ailəsi ölümlə hədələnib

Next Post

Beynəlxalq mükafat jurnalistin anasına təqdim edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.