Beynəlxalq mükafat jurnalistin anasına təqdim edilib

iyun 21st, 2013

062000040221

İyunun 20-də Osloda keçirilən  2012-ci ilin “Gerd Bucerius” adına “Şərqi Avropanın azad mətbuatı” mükafatının təqdimetmə mərasimi keçirilib. İki Azərbaycan nümayəndəsi – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstititutunun (RATİ) reportyoru Mehman Hüseynov və “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin əməkdaşı Təhminə Tağızadə Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulması kimi ciddi problemlərin cəsurluqla işıqlandırılmasına görə mükafata layiq görülüblər.

Mehman  Hüseynov ona qarşı açılmış cinayət işi ilə əlaqədar hakimiyyətin ölkəni tərk etməsini qadağan etməsi ilə əlaqədar mərasimə gələ bilmədiyindən, mükafat onun anası Firəngiz Hüseynovaya təqdim edilib.

Norveçin dövlət katibi Gri Larsen jurnalistin anasını alqışlayaraq, Azərbaycan hakimiyyətini Mehman  Hüseynova mükafatlandırma mərasimində iştirakı qadağan etdiyinə görə tənqid edib.

Xatırladaq ki, “Gerd Bucerius” adına mükafat Almaniyanın “ZEİT” fondu və Norveçin “Fritt Ord” fondu tərəfindən təsis edilib və hər il hadisələrin müstəqil işıqlandırılması hüququ, söz və KİV azadlığını müdafiə edən jurnalistlərə və KİV-lərə verilir. Azərbaycan KİV-ləri arasında “Gerd Bucerius” mükafatına ilk dəfə 2007-ci ildə “Turan” informasiya agentliyi layiq görülüb. Daha sonra “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov, araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlu, “Azadlıq” qəzeti, “Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı, ANTV-online televiziyası, “Yeni Müsavat” qəzetinin yazarı Hacı Zamin, “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılova mükafata layiq görülüb.