Facebook fəallarının azadlığa buraxılması üçün çağırış edilib

mart 6th, 2014

abdul

Martın 6-da  həbsdə olan blogger Əbdül Əbilovun hüquqlarını müdafiə komitəsi  mətbuat konfransı keçirib və konfransın əsas məqsədi  həbsdə olan facebook fəallarının azadlığa buraxılmasına çağırış olub.

Tədbirdə çıxış edən Əbdül Əbilovun anası Nurcahan Əbilova oğlunun günahsız olduğunu bildirib. Onun sözlərinə görə, oğlu narkotikin necə olduğunu belə bilmir, oğlum siqaretin tüstüsündən belə qaçıb.

“Oğlum haqsızlığa dözmədiyi, rastlaşdığı haqsızlıqlarla bağlı yazdığını deyib. Əbdül Haqsızlığa dur deyib, burda qeyri-adi heç nə yoxdur. Mən polislərdən soruşdum ki, oğlumu narkotik saxladığına görə tutursunuzsa,  nə üçün komputerini götürürsüz, kompüterdə narkotik bitmir”, deyə  xanım Əbilova qeyd edib.

Tədbirdə çıxış edən bloggerin vəkili  Xalid Bağırov istintaqın düzgün aparılmadığını bildirib. Onun fikrincə, istintaq qəsdən uzadılır. “İndiyədək götürülmüş narkotikin üzərindəki əl izlərinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməyib. Çünki orada Əbdül Əbilovun narkotiklə hər-hansı əlaqəsi yoxdur və onun əl izləri yoxdur”, deyə o qeyd edib.

Mətbuat konfransında polisin Facebook istifadəçilərinə qarşı işlərə cəlb edilməsi tənqid edilib. Hüquq-mühafizə orqanlarını və məhkəmələri ədalətli olmağa çağırıblar.

Xatırladaq ki, Əbdül Əbilov “facebook”da  “Yaltaqlara dur deyək” səhifəsinin admini olub, hakimiyyəti kəskin tənqidləri ilə seçilib. 22 noyabrda yaşayış yerindən tutulub aparılaraq  barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində həbsdə saxlanılır