EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI

Bu gün (17 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə jurnalist Eynulla Fətullayevin apellyasiya şikayəti üzrə məhkəmənin  hazırlıq iclası keçirildi.

Eynulla Fətullayev hakimə bildirdi ki, Qaradağ rayon Məhkəməsinin protokolun  3 cildi ilə hələ tanış olmayıb.

“Mənə sənədlərlə tanış olmaq üçün əlavə vaxt vermişdiniz. Amma protokolun hamısı mənə təqdim edilməyib. Birinci instansiya məhkəməsində Elmar Hüseynovla bağlı danışmışam. Lakin bu ifadə hakim tərəfindən təhrif edilib. Məhz buna görə də, mən o hissə ilə tanış olmaq istəyirəm və  buna görə də mənə vaxt verməyinizi xahiş edirəm”, -deyə Eynulla Fətullayev bildirdi.

Hakim vəsatəti yerindəcə təmin etdiklərini bildirdi və prosesi 24 sentyabr saat 11:00- a təyin etdi.

Bundan əlavə  Eynulla Fətullayev  hakimdən Bakıda səfərdə olan 10 beynəlxalq təşkilatın nümayəndəsinin onunla görüşə icazə verməməyinin səbəblərini soruşdu.

Hakim bildirdi ki, biz tərəfindən onlara rədd cavabı verilməyib və  bu məsələlər məhkəmə  prosesi zamanı müzakirə ediləcək.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Azərbaycan hökuməti Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib.

 
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

ADNAN HACIZADƏNİN MƏHKƏMƏSİNDƏ İŞTİRAKI TƏMİN EDİLƏCƏK

Next Post

NEFT QAZ GƏLİRLƏRİNİN ƏDALƏTLİ BÖLÜNMƏSİNDƏ CİDDİ PROBLEMLƏR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.