ƏFLATUN AMAŞOV MİKLOŞ HARAŞTİ BARƏDƏ ATƏT-Ə ŞİKAYƏT EDƏCƏK

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər və nümayəndənin dünən keçirdiyi mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının fəaliyyəti barədə söylədikləri ilə bağlı APA-ya münasibət bildirib: “Təəssüf ki, o, vəzifə səlahiyyətlərinin xaricində olan bəyanatlar səsləndirir.

Haraşti elə bil ATƏT kimi nüfuzlu qurumun təmsilçisi deyil, hansısa narazı jurnalist təşkilatının mövqeyini ifadə edən şəxsdir. Onun çıxışlarında təfriqəçilik və bölücülük əlamətləri aşkar duyulur. O, Azərbaycana səfərləri zamanı indiyə qədər heç vaxt Mətbuat Şurasında olmayıb və Şuranın İdarə Heyətinin üzvləri ilə görüşməyib” – deyən Amaşov qeyd edib ki,  cənab Haraşti hər dəfə Azərbaycanda olarkən olduqca dar çərçivəli görüşlər keçirir və həmin görüşlərdən əldə etdiyi qənaəti ATƏT kimi nüfuzlu qurumun mövqeyi olaraq ifadə edir. Şura sədri bununla bağlı ATƏT rəhbərliyinə müraciət etməyi düşündüyünü də vurğulayıb.

  Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında M. Haraşti Azərbaycanda Mətbuat Şurasının jurnalistlərin müdafiəçisi olmalı olduğunu deyib. Haraşti qeyd edib ki, Mətbuat Şurası hakimiyyətə hansısa mətbu nəşri bağlamağı məsləhət görməməlidir: “Hansı jurnalistlər şuranın fəaliyyətindən narazıdırsa, onların öz Mətbuat Şurası yaratmaq hüququ olmalıdır”. Xüsusi nümayəndə onu da vurğulayıb ki, o, Azərbaycan Mətbuat Şurası ilə bağlı hökm verə bilməz: “Alternativ şura yaradılmasının lazım olub-olmamasına jurnalistlər qərar verməlidir”.

  Ə.Amaşov bu məsələyə münasibət bildirərək qeyd edib ki, Haraşti Azərbaycandakı bir çox reallıqlardan xəbərsizdir: “Azərbaycanda hər bir şəxsin fikirlərini və baxışlarını ifadə etməklə yanaşı öz təşkilatını da yaratmaq hüququ da var. Cənab Haraşti jurnalistləri alternativ Mətbuat Şurası yaratmağa çağırmaqla heç də yenilik etməyib. Vaxtilə belə cəhdlər olub və bu cəhdlərin səmərəsi, daha doğrusu, səmərəsizliyi göz qabağındadır. Hamı Mətbuat Şurası dedikdə hansı tərkibli qurumun nəzərdə tutulduğunu yaxşı anlayır”. 

Previous Post

“NOVOYE VREMYA” QƏZETİNİN TƏSİSÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Next Post

AZƏRBAYCANDA DEFAMASIYA ÜÇÜN İSTİ YAY GÜNLƏRİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.