AĞASİF ŞAKİROĞLU HƏBSDƏN BİRBAŞA HƏRBİ HİSSƏYƏ GÖNDƏRİLDİ

Bu gün (7 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Müsavat Partiyası Gənclər Təşkilatı “Hədəf” Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna (İbrahimov) cinayət işi açılaraq, barəsində həbs-qətimkan tədbirinin seçilməsi və 3 gün sonra azad olunaraq birbaşa hərbi xidmətə göndərilməsi ilə bağlı dəyirmi masa keçirdi.

Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli çıxışında bildirdi ki, A.Şakiroğlunun barəsindəki cinayət işi sifarişlidir və o, aktiv ictimai-siyasi fəaliyyətinə görə təqib olunur. 
A.Şakiroğlunun valideynləri Şakir İbrahimov və Sevda İbrahimova da oğullarının hərbi xidmətdən yayınmadığını və barəsində olan cinayət işinin əsassız olduğunu dilə gətirdilər. “Mən fəxr edirəm ki, oğlum bu gün hərbi xidmətdədir. Ancaq istərdik ki, Ağasif bu cür hay-küylü məhkəmələr vasitəsilə yox, normal qaydada hərbi xidmətə yollansın” – deyən valideynlər vurğuladılar ki, A.Şakiroğlu əvvəllər dəfələrlə hərbi komissarlığa müraciət etsə də, ona “lazım olanda çağıracağıq” deyiblər.
Tədbirdə iştirak edən Müsavat Partiyasının Məclis üzvü Sevinc Hüseynova, AXCP Gənclər Təşkilatının  sədri Əbülfəz Qurbanlı, Gənclərin Hüquqlarının Müdafiə Hərəkatının (GHMH) üzvü Ramin Hacılı və digər gənclər də çıxışlarında insan haqlarının kobud surətdə pozulması və hakimiyyətin müxalifətçi gənclərə qarşı amansız mübarizə üsullarını pislədiklərini ifadə etdilər.
Xatırladaq ki, Ağasif Şakiroğluna Cinayət məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə Nərimanov Prokurorluğunda cinayət işi açılıb. Avqustun 3-də A.Şakiroğlu barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinin qərarını dünən – 6 avqust tarixində Apellyasiya məhkəməsi ləğv edib və o, həbsdən azad edilərək birbaşa hərbi hissəyə aparılıb.
 
Previous Post

FANAT.AZ SAYTINA QARŞI İDDİAYA ƏSASƏN KEÇİRİLMƏLİ OLAN PROSES TƏXİRƏ SALINDI

Next Post

İCTİMAİ BİRLİK SƏDRİ APELLYASİYA ŞİKAYƏTİ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.