AQİL XƏLİL MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYƏ HAZIRLAŞIR

mart 13th, 2008
“Azadlıq” qəzetinin döyülən əməkdaşı Aqil Xəlilin iş materiallarının Bakı Şəhəri Baş Polis İdarəsindən Binəqədi Rayon 7-ci polis bölməsinə qaytarılması təsdiqlənib. A. Xəlilin RATİ-yə verdiyi məlumata görə, o dünən (12 mart) telefon vasitəsilə 7-ci polis bölməsinin rəisi ilə danışıb.

Rəis jurnalistə bildirib ki, “iş materialları Baş Polis İdarəsindən polis bölməsinə qaytarılıb. Dəftərxanada sənədlərin qeydiyyata alınma  işləri bir neçə gün ləngidiyinə görə, bizim sənədlərin yenidən polis bölməsinə qaytarılmasından xəbərimiz olmayıb”. Jurnalist cinayət işinin açılıb-açılmaması ilə maraqlandıqda, rəis belə cavab verib ki, “ bu işdə heç bir ciddi cinayət əməli yoxdur”.
İşi ört-basdır etmək istədiklərini vurğulayan Aqil Xəlil əlavə etdi ki, o artıq vəkil Elçin Sadıqova müraciət edib və məsələ ilə əlaqədar məhkəməyə müraciət ediləcək.
Bəzi məqamları dəqiqləşdirmək üçün Elçin Sadıqovla əlaqə saxladıq. Sadıqov bildirdi ki, “Cinayət Prosessual Məcəlləsinə görə, cinayət haqqında məlumat verildikdən sonra 20 gün ərzində cinayət işinin açılması və yaxud işə xitam verilməsi haqda qərar qəbul olunmalıdır. Həmin müddəti gözləyirik. Bu müddət fevralın 23-dən hesablanır. Əgər cinayət işi açılmasa dərhal məhkəmə orqanlarına müraciət edəcəyik”.
*Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə (törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası) əsasən, təhqiqatçı və ya müstəntiq ən geci iyirmi gün ərzində cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı və məlumatlara baxılmasının nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir.