MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN ETDİ

Bu gün Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə "Korrupsiya və cəmiyyət" jurnalı və jurnalın baş redaktoru Məmməd Əhmədoğlu barədə çıxarılan qərardan verilən şikayətə baxılıb. İddiaçı tərəfdən jurnalın baş redaktoru Məmməd Əhmədoğlu və Əfəndizadə Abdulla, qarşı tərəfdən isə vəkil Ələkbərov Namiq iştirak edirdi.


A.Əfəndizadə Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Qarşı tərəfin nümayəndəsi Ələkbərov Namiq isə öz çıxışında vurğuladı ki, Mülki-Prosessual Məcəllənin 158-ci (iddianın təmin edilməsi üzrə tədbirlər) maddəsində göstərilir ki, cavabdehə müəyyən hərəkətlər etməyi qadağan etmək olar: "mən hesab edirəm ki, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır". Hakim tərəfləri dinlədikdən sonra müşavirəyə getdi. Müşavirədən sonra hakim çıxardığı qərarı elan etdi.  Qərara əsasən, Namiq Ələkbərov haqqında yazıların dərc olunması istisna olmaqla, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka haqqında materialların nümayiş etdirilməsinə qoyulan qadağa ləğv olundu. Oktyabrın 22-də çıxarılan qərar isə qüvvədə saxlanıldı.

Xatırladaq ki, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və Namiq Ələkbərov  "Korrupsiya və Cəmiyyət" jurnalına, jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Yasamal rayon məhkəməsinə iddia ərizəsi təqdim edib. İddiaya "Korrupsiya və Cəmiyyət" jurnalının 2007-ci il 9 saylı nömrəsində "Hakim andı və iştahı" başlıqlı və "Nigeriyalı fırıldaqçının Ədliyyə Nazirliyinə qarşı iddiası 1.350.000 ABŞ dolları rüşvəti hesabına necə təmin edildi" yarımbaşlıqlı məqalə və məqalənin sonunda "ardı gələn sayımızda" yazısı səbəb olmuşdu. Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyev 4 oktyabr 2007-ci il tarixində iddiaya mahiyyəti üzrə baxılana qədər Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və vəkili Namiq Ələkbərov haqqında materialların nümayiş etdirilməsinin "Korrupsiya və cəmiyyət" jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi haqqında qərar çıxarmışdı. 22 oktyabr 2007-ci il tarixində çıxarılan qərara əsasən isə Adeola Aqbabiakanın iddiası üzrə iş baxılmamış saxlanılmışdı.

* RATİ məhkəmənin açıq keçirildiyini nəzərə alaraq məhkəmədə video və foto çəkiliş aparmaq üçün məhkəməyə yazılı müraciət təqdim etdi. Lakin hakim çəkilişə icazə verməyib.

Previous Post

ƏMİRBƏYOV AZƏRBAYCAN HAKİMİYYƏTİNİN SÖZ VƏ FİKİR AZADLIĞINA XÜSUSİ DİQQƏT YETİRDİYİNİ BİLDİRİB

Next Post

AQİL XƏLİL MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYƏ HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.