Yazıçı Əli Əkbərin “Artuş və Zaur” kitabının “Əli və Nino” mağazaları şəbəkəsində satışına Səbail Rayon Polis İdarəsi tərəfindən qadağa qoyulub.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna yazıçı özü məlumat verib. Onun sözlərinə görə, martın 10-da “Əli və Nino” mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli polisə çağırılıb. Orada ona kitabın prezident əleyhinə yazıldığını səbəb göstərərək satışdan yığışdırmasını tələb ediblər. Martın 11-də isə polis “Artuş və Zaur” əxlaqsız kitab olduğunu əsas gətirərək onu satışdan yığışdırıldığı bildirildilər və mağazanı bağladılar.
Ə.Əkbər RATİ-yə verdiyi məlumatda bildirdi ki, bu gün (12 mart) mağazaların fəaliyyəti bərpa olunub, lakin kitablar satışdan yığışdırılıb.
Yazıçı kitabının satışdan yığışdırılması ilə bağlı heç bir tədbir görməyəcəyini söylədi.
Məlumatı dəqiqləşdirmək üçün “Əli və Nino” mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli ilə əlaqə saxladıq. Lakin o, mətbuata heç bir açıqlama vermək istəmədiyini bildirdi.
Səbail Rayon Polis İdarəsindən isə bu məsələ ilə bağlı Daxili İşlər nazirliyinə müraciət etməyimizi məsləhət gördülər. DİN-in özünü təqdim etməyən əməkdaşı isə bu barədə heç bir məlumatı olmadığını bildirdi.
Qeyd edək ki, “Artuş və Zaur” kitabında azərbaycanlı oğlanla erməni oğlan arasında homoseksual münasibətlərindən bəhs olunur.