Bu gün (03 iyul) “Alma” qəzetinin yazarı Elnur Astanbəyli RATİ-yə müraciət edərək, ona qarşı haqsızlıq edilməsi barədə məlumat verib.
Astanbəylinin sözlərinə görə, o 2005-ci ildə “Milli yol” qəzetinin baş redaktorunun müavini çalışarkən qəzetdə gedən məqaləyə görə millət vəkili Elmira Axundova tərəfindən məhkəməyə verilib. Halbuki, məqalənin müəllifi o olmayıb. İddianı təmin edən Nəsimi Rayon Məhkəməsi Astanbəylinin iştirakı olmadan 28 oktyabr 2005-ci il tarixdə onun 20000 AZN (köhnə pulla 100 milyon manat) məbləğində cərimələnməsi ilə bağlı qətnamə çıxarıb. Lakin məhkəmə qərarı yazara 2006-cı ildə, qərardan şikayət vermək üçün nəzərdə tutulan müddət bitdikdən sonra göndərilib. Bundan sonra Astanbəyli şikayət vermək hüququnun bərpa edilməsi üçün müvafiq qurumlara müraciət etmiş və buna nail olduqdan sonra 2007-ci ildə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayət vermişdir. 18 dekabr 2007-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə yazarın şikayəti qismən təmin edilərək cərimənin məbləği 5000 AZN-ə endirilib. Astanbəyli bu məhkəmə barədə də xəbərdar edilmədiyini və buna görə də məhkəmədə iştirak etmədiyini bildirdi. Mayın sonunda Astanbəyliyə məhkəmənin qərarı göndərildikdən sonra yazar belə bir qərarın çıxarıldığı barədə xəbər tutub. Bununla da kassasiya şikayəti vermək üçün nəzərdə tutulan müddət də ötürülüb.
“18 dekabrda keçiriləcək məhkəmə barədə xəbərdar edilməmişəm. Bundan əlavə çıxarılmış qərar da mənə vaxtından sonra göndərilib. Göndərilən poçt zərfinin üzərində 27 may 2008-ci il tarixi göstərilib. Kassasiya şikayəti vermək üçün nəzərdə tutulan 3 ay müddətindən artıq 3 ay keçib”, – deyə Astanbəyli vurğulayıb. Bütün bunları özünə qarşı haqsızlıq kimi qiymətləndirən yazar hazırda bu məsələni araşdırdığını da qeyd etdi.