AZƏRBAYCAN JURNALİSTLƏRİNİN QURULTAYINDA MƏTBUAT ŞURASININ NİZAMNAMƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Bu gün Azərbaycan jurnalistlərinin V qurultayı keçirilib. Qurultay Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən açıq elan edildikdən sonra Rəyasət Heyəti, Katiblik, Say və mandat komissiyalarının yaradılması, o cümlədən reqlament və gündəliyin təsdiq edilməsi ilə davam etdirilib.

Qurultay zamanı Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparıldı. MŞ-nın İdarə Heyətinin üzvlərindən Arif Əliyev, Qulu Məhərrəmli və Zeynal Məmmədli əlavə və dəyişikliklərin qəbul edilməməsi üçün qurultay iştirakçılarına müraciət etsələr də, nəticədə MŞ-nın Nizamnaməsinə əlavə və dəyişikliklər edildi.  Qəbul edilən əlavə və dəyişikliklərə əsasən Şura sədrinin səlahiyyət müddəti 2 ildən 4 ilə qədər artırıldı və eyni bir adamın yalnız 2 dəfə sədr seçilməsi ilə bağlı müddəa Nizamnamədən çıxarıldı.
 Qurultayın gedişində Mətbuat Şurasının və Şuranın Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənildi. MŞ-nın hesabatında Şuranın həbs edilmiş jurnalistlərin azad edilməsi istiqamətində işlərin davam etdiriləcəyi ilə bağlı müddəa əks olunmuşdu. Hər iki hesabat qurultay iştirakçıları tərəfindən məqbul hesab edildi.
 Nahar fasiləsi ərəfəsində Mətbuat Şurasının İdarə Heyətinə yeni üzvlərin seçilməsi ilə əlaqədar səsvermə keçirildi. Qeyd edək ki, MŞ-nın İdarə Heyəti 9-u media nümayəndəsi, 6-sı isə ictimaiyyət nümayəndəsi olmaqla 15 üzvdən ibarətdir. Səsvermə nəticəsində aşağıdakı şəxslər MŞ-nın İdarə Heyətinə üzv seçildilər:
Media nümayəndələri –  Əflatun Amaşov, Rəşad Məcid (525-ci qəzetin baş redaktoru), Bəxtiyar Sadıqov (“Azərbaycan” qəzetinin baş redaktoru), Vüqar Rəhimzadə (“İki Sahil” qəzetinin baş redaktoru), Vüsalə Mahirqızı (APA-nın rəhbəri), Mehman Əliyev (“Turan” İnformasiya Agentliyinin rəhbəri), Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri), Elçin Şıxlı (“Zerkalo” qəzetinin baş redaktoru), Tapdıq Abbas (“Paralel” qəzetinin baş redaktoru), Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru, ehtiyat üzv), Aydın Quliyev (“Bakı Xəbər” qəzetinin baş redaktoru, ehtiyat üzv)    
 İctimaiyyət nümayəndələri – Vüqar Səfərli (“Azərmətbuat yayımı” İctimai Birliyinin sədri), Hacı Sabir Həsənli (İslam Universitetinin rektoru), Aqil Abbas (millət vəkili), Kamal Abdulla (yazıçı), Muşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri), Cəmil Həsənli (millət vəkili), Qafar Çaxmaqlı (Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, ehtiyat üzv), Qulu Məhərrəmli (telejurnalist, ehtiyat üzv).

 Prosedura əsasən İdarə Heyətinin üzvlərindən MŞ-nın yeni sədri seçildi. Sədrliyə namizədlərdən Aqil Abbas, Umud Mirzəyev və Rəşad Məcid öz namizədliklərini Əflatun Amaşovun xeyrinə geri götürdülər. Bundan sonra keçirilən səsvermədə Əflatun Amaşov üçüncü dəfə MŞ-na sədr seçildi. 

 

Previous Post

ƏLİ HƏSƏNOV: “HƏBSDƏ OLANLARIN QAPISININ AÇIQ OLMASINI ARZULAMALIYIQ”

Next Post

“SƏS” QƏZETİNDƏ DƏRC EDİLƏN YAZI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.