“SƏS” QƏZETİNDƏ DƏRC EDİLƏN YAZI

EMİN HÜSEYNOVUN MİSSİONERLƏRLƏ İŞ BİRLİYİ SÜBUTA YETİRİLDİ.

ONA KRİŞNAÇI DODİ KRAMNİKİN XƏSARƏT YETİRDİYİ ÜZƏ ÇIXIB.

Başqalarının maraqlarının əsirinə çevrilmək, onların sifarişlərini yerinə yetirməyə cəhd etmək həmişə acı fəsadlara gətirib çıxarıb. Bu məsələdə elə bir fakt tapmaq mümkün deyil ki, müstəqilliyi əlindən alınan şəxs sona qədər bəxtindən razı qalsın. Müəyyən zaman kəsiyində arxalandıqları qüvvələrin maddi və mənəvi dəstəyindən məhrum olurlar və bununla da uçuruma yuvarlanırlar. Belə hallarla bağlı müxalifət liderlərinin üzləşdikləri faciəvi faktlardan çoxsaylı misallar göstərmək olar.

Olub ki, partiya sədri xaricdəki havadarlarının dəstəklərinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 1998-ci il prezident seçkiləri ərəfəsi AMİP lideri Etibar Məmmədov az qala müxalifətin “xaç atasına” çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti E.Məmmədovu müxalifətin “bomj”u səviyyəsinə enməsinə gətirib çıxardı. Eyni aqibətlə Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, “ACP” lideri Rəsul Quliyev və digərləri də 2003-cü il prezident seçkilərindən sonra üzləşmişlər. Çox maraqlıdır ki, çirkab içərisində olan müxalifət liderləri təsir dairələrində olan mətbu orqanların yazarlarını da güdaza verirlər. Belə rüsvayçı vəziyyətlə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev qarşılaşmışdılar. Daha doğrusu bu şəxslər ağalarının qızışdırıcı təlimatlarına uyaraq, separatçı mövqe tutmaqla talelərini həbsxana həyatına bağlamalı olublar.
Düşünmək olar ki, anormal mövqe tutmaqdan müxalifət partiyaları və onların qəzet yazarları zaman keçdikcə imtina edəcəklər. Lakin Ə.Kərimovun təbliğat maşını hesab olunan “Azadlıq” qəzetinin foto-müxbiri Aqil Xəlilin, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin jurnalistlərin peşə davranışlarına zidd mövqe tutmaları, bu kimi şəxslərin hələ də islah olunmadığını deməyə əsas verir. Misal kimi, qondarma jurnalist təşkilatlarından hesab edilən “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu”nun rəhbəri Emin Hüseynovun baş verən məlum insidentə görə hay-küy qaldırmasını göstərmək olar. Diqqətçəkən məqam ondan ibarətdir ki, E.Hüseynov vay-şüvən qoparmağı özünə peşə seçən “jurnalistlər”dən müəyyən məsələlərdə fərqlənir. Çünki Rauf Arifoğlunu, E.Fətullayevi, Q.Zahidi, A.Xəlili və digərlərinin təsir altında olduqları partiya sədrlərinin  tapşırığı əsasında KİV haqqında qanunun tələblərini pozurlarsa, E.Hüseynov missioner təşkilatlarının boyunduruğu altında olduğundan, anlaqsız şəkildə iyrənc proseslərə qoşulub.
Qeyd etmək yerinə düşər ki, iyunun 14-də Kuba Sosialist İnqilabının liderlərindən olan Çe Gevaranın bir qrup fanatına qoşulan E.Hüseynov “Alaturka” restoranında Azərbaycan qanunlarına zidd olan toplantının iştirakçısı olmuşdur. Həmin toplantıda E.Hüseynov Avropanın dini təriqətləri ilə əlaqələr qurub, Çe Gevaranın təbliğatının aparılmasının vacibliyi barədə fikirlər səsləndirib. E.Hüseynov lazım gələrsə PKK ilə əlaqələr qurmağa cəhdlərin də göstərilməsini təklif edib. Amma krişnaçı Dodi Kramnikin   E.Hüseynovun  PKK ilə əlaqələr qurmaq təklifindən razı qalmayıb. D.Kramnikin   E.Hüseynovu 5-3 manata aldanaraq, qrupun qəbul etdiyi prinsiplərə arxa çevirməkdə günahlandırıb. Məlumatlı mənbəmizin dediyinə görə,   D.Kramniklə   E.Hüseynov arasında yaranan mübahisə sonda yumruq davasına çevrilib. Məsələyə dözümsüz yanaşan  “Alaturka” restoranının rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Hadisə yerinə gələn polis əməkdaşları pozucu qüvvələri sakitləşdirməyə müvəffəq olub.
Hüquq-mühafizə orqanlarındakı adının çəkilməsini istəməyən şəxsin dediyinə görə, hazırda baş verən insidentlə bağlı araşdırma aparılır. Amma müxalifət mətbuatı yenə də öz amplualarında çıxış etmək ənənələrini davam etdirirlər. Qəzetlərin uydurma xarakterli yazılarına görə, guya missioner təşkilatının fəal üzvü olan E.Hüseynov jurnalist kimi “Alaturka” restoranında baş verən olayı izləmək üçün gedibmiş. Bu zaman polis əməkdaşları ona xəsarət yetiriblər. Çox gülünc və məntiqsiz yanaşmadır. Çünki azad, demokratik, hüquqi dövlət olan Azərbaycanda polisin sıravi vətəndaşa toxuna biləcəyi inandırıcı görünmür. Ona görə də müxalifət mətbuatının hay-küyünün arxasında növbəti yaramazlığın dayandığı şübhəsizdir.

İ.ƏLİYEV
        “Səs” qəzeti, 20 iyun 2008-ci il

Previous Post

AZƏRBAYCAN JURNALİSTLƏRİNİN QURULTAYINDA MƏTBUAT ŞURASININ NİZAMNAMƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Next Post

STREKALİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.