Azərbaycanda şiddətli repressiyanın baş verdiyi bir vaxtda Avropa Şurası susur

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumdan dolayı şok və sarsıntı hissi keçirdiyini bildirir. Xüsusi zorakılıqla törədilmiş bu hücumun baş verməsi ilə insan hüquqları sahəsindəki narahatedici vəziyyət geriyə dönüşü olmayan bir nöqtəyə çatıb.

Azərbaycanın Naxçıvan şəhərində fəaliyyət göstərən,yerli hökumət rəsmilərini tənqid edən və digər həssas mövzularda yazan jurnalist avqustun 21-də naməlum şəxslər tərəfindən ağır şəkildə döyülüb. Polis hadisəyə ləng reaksiya verib və tibbi müayinə göstərişi gec verilib.

Həyat yoldaşı, tanınmış hüquq müdafiəçisi Məlahət Nəsibovanın bildirdiyinə görə, İlqar Nəsibov avqustun 21-də saat 22 radələrində, Naxçıvanda yerləşən ofisində huşunu itirmiş və baş, üz, qol və ayaq nahiyələrindən ağır xəsarətlər almış vəziyyətdə tapılıb.

Bu hücum ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün “oyadıcı bir zəngdir”. Şura özünün hazırkı sədrini insan hüquqlarına qarşı silsilə qəddar cinayətlərə, o cümlədən tanınmış hüquq müdaifəçilərinin  son həbslərinə və aparıcı qeyri-hökumət təşkilatlarının zorla bağlanışına görə açıq şəkildə qınamayıb.   

Avropa Şurasına üzvlük özündə fundamental ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına təminat verilməsi öhdəliyini ehtiva edir. Bu məcburi öhdəliyi təkcə Azərbaycan hökuməti yerinə yetirməyib, eyni şəkildə Avropa Şurası (AŞ) Baş Katibi və AŞ Parlament Assambleyası da Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının yerinə yetirilməsinə dəstək verməyib.

“İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik. Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər,” deyə RATİ bildirib.

Avropa Şurasının AŞPA monitorinq prosedurlarından istifadə etməklə Azərbaycandakı hüquq pozuntularını sənədləşdirməli və bu barədə hesabat verməli olması ilə yanaşı, Strasburq hazırkı rejimi insan hüquqları pozuntularına görə cavabdeh tutmaq üçün institutsional tədbirləri də nəzərdən keçirməlidir.

Mətbuat azadlığı, o cümlədən jurnalistlərin öz əhəmiyyətli missiyasını təhlükəsiz şəkildə həyata keçirmələrinin təmin olunması ifadə azadlığı və istənilən demokratiyanın sağlam işləməsi üçün böyük əhəmiyyət kəsb edir.

RATİ-nin apardığı araşdırma göstərir ki, Azərbaycanlı jurnalistlərə qarşı zorakılıq əməlləri tarixən tez-tez baş verib və rəsmən araşdırılmayıb. Qəbul olunmuş cəzasızlıq mühiti ölkədə geniş miqyaslı özünü-senzura ilə nəticələnib, belə ki, bir çox jurnalistlər korrupsiya və prezident ailəsinin biznes maraqları kimi “tabu” mövzularda yazmaqda müəyyən xətti keçməkdən çəkinir. Nəsibova qarşı baş vermiş hücum hakimiyyətin jurnalistlərə qarşı bir sıra qəddar cinayətləri araşdırmamasının birbaşa nəticəsidir.  Bu cinayətlərin sırasına iki jurnalistin – Elmar Hüseynovun və Rafiq Tağının qətli, jurnalist Novruzəli Məmmədovun həbsxanada ölümünə yol verilməsi, jurnalist Xədicə İsmayılovanın davamlı təqib və təhdidə məruz qalması, onun şəxsi həyatına kobud müdaxilə, jurnalistlərə və media nümayəndələrinə qarşı yüzlərlə zorakı hücumlar daxildir.

Azərbaycan hakimiyyəti jurnalist Nəsibova qarşı amansız hücum faktı üzrə dərhal müstəqil və şəffaf istintaqa başlamalı, bu əməli törədən və onları təhrik edən şəxsləri məsuliyyətə cəlb etməlidir. Azərbaycan bitmək bilməyən zorakılıqlara son qoymalı, jurnalistlərə qarşı hücumları açıq şəkildə pisləməli və onların xüsusilə fəaliyyətlərinə görə zorakılığa məruz qaldıqlarını tanımalıdır.

RATİ Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır.

RATİ ölkənin Avropa Şurası qarşısındakı insan hüquqları ilə bağlı öhdəliklərini əsassız olaraq yerinə yetirmədiyinə görə Azərbaycan hökumətini pisləyir.

Previous Post

Həbsdəki hüquq müdafiəçilərinin apelyasiya məhkəməsi başlayıb

Next Post

Hüquq müdafiəçisi ev dustaqlığına buraxılmadı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.