AMNESTY İNTERNATİONAL TƏŞKİLATI BƏYANAT YAYIB

“Amnesty  İnternational” təşkilatı Azərbaycandakı ifadə azadlığının vəziyyətinin daha da kəskinləşməsindən narahatlıq ifadə edən bəyanat yayıb. Bəyanatda bildirilir ki, hökuməti tənqid etdiyinə görə 2005-ci il martın 2-də güllələnmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 5 il keçsə də, Azərbaycan hakimiyyəti bu hadisəyə soyuq münasibət göstərir. Bu günə qədər onun qətli ilə əlaqədar heç kim ittiham olunmamışdır.

“Amnesty İnternational”  gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin internetə Azərbaycan hökumətini tənqid edən video material yerləşdirdiklərinə görə, saxta ittihamlarla həbs olunduqlarına inandığını bəyan edib.

“Amnesty İnternational” yeni narkotik saxlama ittihamının daha öncə böhtan, terrorizm, milli ədavətə çağırış və vergidən yayınma ittihamları ilə həbs olunmuş “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin nüfuzdan salmaq cəhdi olduğuna inanır.

“Amnesty International” 2008-ci ilin fevral ayında və 2009-cu ilin iyununda Azərbaycanda söz azadlığına dair məlumatlar həsr edib, lakin müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalları hələ də zorakılıqla üzləşməyə və “xuliqanlıq” kimi saxta ittihamlarla üzləşməyə davam edir. 1 yanvar, 2009-cu ildə, ölkənin milli radio tezliklərində isə qadağan olunmuş xarici radioların yayımları hələ də fəaliyyətini bərpa etməmişdir.

Amnesty İnternational Elmar Hüseynovun beşinci il dönümündə Azərbaycan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə, jurnalist və hüquq müdafiəçilərinə zorakılıq qorxusundan azad bir şəkildə öz hüquqlarını yerinə yetirmələri üçün təminat verməyə çağırır.

“Vicdan məhbusları azad olunmalı, jurnalist və hüquq müdafiəçilərinə qarşı hücumlara dair istintaqlar müstəqil, təxirəsalınmaz şəkildə aparılmalı və təqsirkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Elmar Hüseynovun qətlindən 5 il keçməsinə baxmayaraq, Azərbaycan səlahiyyətliləri təqsirkarları həbs etmək üçün hələ də təsirli bir təhqiqat aparmamışlar. Azərbaycan səlahiyyətliləri Bakıda yerləşən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna cinayətlə əlaqədar şübhəli qismində bilinən iki Gürcüstan vətəndaşının beynəlxalq axtarışda olduqlarını bildirmişdir. Lakin Gürcüstanın aidiyyəti orqanları şübhəlilərə qarşı hər hansı hüquqi tədbir görmək barəsində rəsmi xahiş aldığını təkzib etmişdir” – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla (7 güllə) qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Xatırladaq ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Previous Post

ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN TAPILMASI MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILIB

Next Post

TOMAS HAMMERBERQ SƏFƏRİNİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.