ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN TAPILMASI MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILIB

Milli Məclisin martın 5-də keçirilən iclasında 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin indiyədək üstünün açılmaması məsələsi gündəmə gətirilib. Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb.

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, E.Hüseynovun qətlə yetirilməsindən 5 il ötməsinə baxmayaraq qətlin motivi, sifarişçilərin kimliyi barədə ictimaiyyətə heç bir məlumat verilməyib və bu da cəmiyyətdə, siyasi partiyalarda, beynəlxalq təşkilatlarda narazılığa səbəb olur. “Hesab edirəm ki, parlament ortaya ciddi iradə qoymalı, cinayət işinin üstünün açılmasına çalışmalıdır”.

Millət vəkili Pənah Hüseyn isə həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Bakı Apelyasiya Məhkəməsinə verdiyi şikayət ərizəsində E.Hüseynovun qətli ilə bağlı yazdıqlarına toxunub. Millət vəkilinin qeyd etdiyinə görə, həmin ərizədə yüksək vəzifəli adamların adı mərhum jurnalistin qətli ilə əlaqələndirilib. “Düzdür, Milli Təhlükəsizlik Nazirliyi bu məsələyə münasibət bildirib, amma deyilənlərlə bağlı ciddi araşdırma aparmaq vacibdir”, – deyə qeyd edən P.Hüseyn belə hesab edir ki, E.Hüseynovun qatillərinin İnterpol vasitəsilə axtarılması istiqamətində də hər hansı iş görülmür.

Qeyd edək ki, E.Fətullayev martın 1-də verdiyi apellyasiya şikayətində Elmar Hüseynovun qətli ilə bağlı araşdırmaları nəticəsində baş redaktorun qətlinin arxasında MTN zabitlərinin durduğu qənaətinə gəldiyini qeyd edib. O, bu qətli araşdırdığına görə həbs edildiyini vurğulayıb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

ELMİRA SÜLEYMANOVA YENİDƏN OMBUDSMAN SEÇİLDİ

Next Post

AMNESTY İNTERNATİONAL TƏŞKİLATI BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.