Anar Məmmədli və digər iki fəal ifadə verib

may 14th, 2014

anar

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi  təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.

Ifadə verən SMDT rəhbəri Anar Məmmədli bildirib ki, istintaq zamanı əvvəlcə şahid kimi, daha sonra isə təqsirləndirilən şəxs kimi ifadə verib.

“İstintaqın ilk mərhələsində istintaq SMDT-nin 9 oktyabr 2013-cü il prezident seçkilərinin monitorinqinin yekunu üzrə rəyi ilə maraqlanıb və qrant verənin – ABŞ Milli Demokratiya İnstitutunun müşahidə missiyasının yekun rəyinə təsir göstərib-göstərmədiyini soruşub. Məndə ifadəmdə nə Milli Demokratiya İnstitutunun, nə də hər-hansı digər qurumun monitorinqin yekunlarına təsir göstərmədiyini bildirmişəm. Biz obyektiv monitorinq aparmışıq və bu, ədalətli seçkilər keçirilməsi istəyimizdən irəli gəlib”, deyə Məmmədli bildirib.

Məmmədli  onu da qeyd edib ki, 31 oktyabr 2013-cü ildə SMDT-nin ofisində axtarış zamanı təkcə maliyyə sənədləri deyil, həm də təşkilatın maarifləndirici materialları götürülüb ki, bu da işin siyasi xarakterli olmasının daha bir dəlilidir.

İttihamların mahiyyətinə gəlincə, A.Məmmədli deyib ki, Seçkilərin Monitorinqi Mərkəzinin qeydiyyatının ləğvindən sonra o və QHT-nin digər üzvləri layihələrin maliyyə əməliyyatlarını fiziki şəxs kimi həyata keçirmək məcburiyyətində qalıblar. Məmmədli Ədliyyə Nazirliyinin SMDT-ni qeydiyyata almaqdan imtinasını siyasi ayrı-seçkilik kimi qiymətləndirdiyini sözlərinə əlavə edib.

“Qanunsuz sahibkarlıq ittihamını əsassız hesab edirəm, belə ki, qrantlar üzrə bütün əməliyyatlar rəsmi ödənişlər əsasında aparılıb. Şəxsən mən  2006-2013-cü illər ərzində vergi kimi 12 min manat ödəmişəm və heç vaxt vergi orqanlarından heç bir xəbərdarlıq almamışam. 2013-cü il prezident seçkiləri layihəsinin həyata keçirilməsi üçün SMDT ona görə Könüllülərin Beynəlxalq Əməkdaşlığı təşkilatını  tərəfdaş kimi  ona görə seçib ki,  2013-cü ilin mart ayında qanunvericiliyə edilmiş düzəlişlərdən sonra bu, zəruri idi, çünki SMDT dövlət qeydiyyatı olmadığına görə layihəni qeydiyyatı olan başqa QHT ilə birgə həyata keçirməli idi”,-deyə Məmmədli ifadəsində qeyd edib.

A.Məmmədli yalnız zərərçəkmiş Həsən Həsənovun təqsirləndirilən şəxslərə qarşı ifadə verdiyinə diqqət çəkib. Bu zaman A.Məmmədli bildirib ki, layihənin hüquqşünası kimi işə qəbul edilmiş bu şəxs özü öz öhdəliklərinin yerinə yetirilməsindən kənarlaşıb və vəzifədən azad edilib.

A.Məmmədli SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı təşkilatının maliyyə fəaliyyətinin yoxlanılması haqqında aktı əsassız adlandırıb və bildirib ki, yoxlama həyata keçirənlərin hansı sənədlərə əsaslandığı məlum deyil, çünki nə kameral, nə də səyyar vergi yoxlamaları həyata keçirilməyib.

Məhkəmədə ifadə verən  Bəşir Süleymanlı və Elnur Məmmədov da bütün ittihamları rədd ediblər və ittihamı siyasi olduğunu adlandırıblar.

Məhkəmədə şahid kimi dindirilən QHT-lərə  Dövlət Dəstəyi Şurasının nümayəndəsi Tofiq Həsənov təşkilat barədə tərtib edilən yoxlama aktında olan arayışı Ədliyyə Nazirliyi tərəfindən verilən  sənədlərə əsasən verdiyini bildirib.

 

Məhkəmə prosesi mayın 15-də saat 14.30-da davam edəcək.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.