
Bakı Apellyasiya Məhkəməsi yazıçı-publisist Rafiq Tağının qətli üzrə aparılan istintaqın dayandırılması Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Bu barədə bu gün (15 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna mərhum jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, istintaqın dayandırılmasının əsassız və yolverilməz olduğunu təsdiqləyən ciddi arqumentlər göstərmələrinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Elçin Sadıqov onu da əlavə edib ki, qərardan Avropa Məhkəməsinə şikayət ediləcək.
Qeyd edək ki, 2011-ci ildə naməlum şəxs tərəfindən bıçaqla yetirilmiş xəsarət nəticəsində xəstəxanada dünyasını dəyişən yazıçı-publisist Rafiq Tağının qətli üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin 08 yanvar 2014-cü il tarixli qərarı ilə dayandırılmışdı.
Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən bıçaqlanıb və 4 gün sonra noyabrın 23-də aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də jurnalistin cinayət işi üzrə icraatın dayandırılması barədə qərar verib.