ANS 14 SAYLI ÇƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ HAQQINDA MÜƏLLİF VERİLİŞİ NÜMAYİŞ ETDİRİB

Fevralın  17-də ANS telekanalında “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitin saxlanıldığı 14 saylı Cəzaçəkmə müəssisəsi barədə videoreportaj nümayiş etdirilib.

Videoreportajda  Cəzaçəkmə müəssisəsində cəza çəkən məhbusların saxlanma şəraiti və məhbəs həyatı barədə danışılırdı. Videoreportaj zamanı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov müəssisənin fəaliyyətini müsbət qiymətləndirib, yalnız istehsalatın olmamasını bildirib. Lakin RATİ-yə daxil olan məlumatlara görə, bu Cəzaçəkmə müəssisəsində     kifayət qədər işgəncə faktları və digər xoşagəlməz hallar baş verib.    Bununla əlaqədar bir ilə yaxın 14 saylı Cəzaçəkmə  müəssisəsində cəzaçəkən “Note bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevlə əlaqə saxladıq. Allahverdiyev vurğulayıb ki,  “Azərbaycanda işgəncələrin verilməsinə görə ən pis Cəzaçəkmə müəssisəsi varsa, o da bu müəssisədir. Mən özüm orda olan müddətdə 8 nəfərin döyülmə nəticəsində dünyasını dəyişməsinin şahidi olmuşam. Vəfat edən həmin insanların adlarını açıqlamağa da hazıram”. Jurnalist onu da əlavə etdi ki, “hətta tibbi kartında təcili müalicəyə ehtiyacı olduğu qeyd olunan Culfa sakini, Əli adlı bir şəxs xəstəliyinə məhəl qoyulmadan həddən artıq işlədilməsi nəticəsində olüb”.        F.Allahverdiyev Ərşad Həsənovun əvvəllər yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş Cəzaçəkmə müəssisəsinin rəisi olduğunu, orda verilən işgəncələr nəticəsində məhbusların qiyam qaldırmalarını və qiyam nəticəsində 8 nəfərin vəfat etdiyini də nəzərimizə çatdırdı. Onun sözlərinə görə, bu hadisədən sonra Həsənovu  cəzalandırmaq məqsədilə onu işdən kənarlaşdırıblar. Lakin yüksək çinli dövlət məmurlarından birinin dəstəyi ilə 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə təyin edilib.                * RATİ  Mirzə Sakitlə görüşmək, ondan müsahibə almaq və foto şəkillərini çəkmək məqsədilə bir neçə dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə naziri yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinə müraciət etsə də, həmin müraciətlər ya ümumiyyətlə cavablandırılmayıb, ya da mənfi cavab verilib.        RATİ Mirzə Sakitlə bağlı hər hansı bir məlumat almaq məqsədilə dəfələrlə müəssisəyə zəng vurub. Bir-iki hal istisna olmaqla həm Ərşad Həsənov, həm də növbətçi hissə məlumat verməkdən imtina edib. Hansı səbəbdən məlumat verməkdən imtina etdiklərini soruşduqda bu kimi cavablar verilib: “müəssisə qapalı müəssisədir”, biz heç bir məlumat verə bilmərik” və s. 
Previous Post

SƏFİRİN SÖZLƏRİ TƏHRİF OLUNUB

Next Post

BAŞ REDAKTOR İSTİNTAQIN GEDİŞİNDƏN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.