ANS “YENİ MÜSAVAT”İN 50 000 , QƏZETİN MÜXBİRİNİN İSƏ 10 000 AZN MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMƏSİNİ İSTƏYİR

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə “ANS” Şirkətlər Qrupunun “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı “işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin ödənilməsi” iddiası əsasında məhkəməyə hazırlıq iclası keçirilib.

İclasda ilk çıxış edən iddiaçı tərəfin nümayəndəsi Sevda Məhərrəmovanın sözlərinə görə, “Yeni Müsavat” qəzetinin 13 may 2008-ci il tarixli sayında yazılan “Hərbi nazir aparat rəhbərinə qarşı” başlıqlı məqalədə həqiqətə uyğun olmayan məlumat dərc olunub: “Yazıda yalan məlumatlar verilib və bu da ANS-in işgüzar nüfuzu ləkələnib”, – deyə iddia edən Sevda Məhərrəmova məhkəmədən “Yeni Müsavat” qəzeti redaksiyasının 50 000 (əlli min) AZN, yazı müəllifi Süleyman Ələsgərlinin isə 10 000 (on min) AZN məbləğində cərimələnməsini və bu vəsaitin ANS-in hesabına köçürülməsini, habelə qəzetin eyni səhifəsində, eyni şriftlə təkzib verməsi haqqında qərar çıxarmasını xahiş etdi. 
 Cavabdeh, “Yeni Müsavat” qəzetinin nümayəndəsi Azər Ayxan isə iddianı əsasız hesab etdi və  iddianın ləğv edilməsinə dair məhkəməyə yazılı müraciət təqdim etdi:  “Bu yazıda ANS-ə qarşı heç bir  qərəzli mövqe tutmamışıq. Yazının sonunda da ANS-in mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik”.
 Yerində müşavirə keçirən hakim M. Kazımov isə işə mahiyyəti üzrə baxılması haqqında qərar qəbul etdi və prosesi iyul ayının 14-ü saat 10:00-a təyin etdi.  

Previous Post

ZAHİDİN BAYILDA YAZDIĞI KİTABIN ƏLYAZMALARI HƏLƏ DƏ GERİ QAYTARILMAYIB

Next Post

EYNULLA FƏTULLAYEV SÖZ AZADLIĞI MÜDAFİƏ KOMİTƏSİNİN FƏALİYYƏTİ İLƏ MARAQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.