Son günlər ANS telekanalından kütləvi şəkildə əməkdaşların işdən çıxması barədə məlumatlar yayılır. Şirkətdən istefa verən tanınmış jurnalistlərdən bir neçəsinin adları da artıq məlum olub. ANS-də uzun müddətdən bəri işləyən aparıcılar Anar Cəbrayıllı, Azadə Balayeva, Tural Əliyev və Elnur Hidayətoğlu, Ceyhun Əsgərov onlardan bir qədər əvvəl isə Zəminə Əliyeva da istefa verənlər arasındadır.
Telekanalın digər müxbiri, tanınmış jurnalistlərdən olan Ceyhun Əsgərov “Qafqazinfo”ya açıqlamasında iş yerini dəyişmək qərarına gəldiyini və bu səbəbdən də kanaldakı fəaliyyətinə son qoymalı olduğunu bildirib:
“Öz qərarıma əsasən ANS-dən çıxdım. Lakin jurnalistlik fəaliyyətimi dayandırmamışam. Hazırda Araz 103.3 radiosunda jurnalistlik fəaliyyətimə davam edirəm”, – deyə o bildirib.
ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bu gün (12 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) işçilərin telekanaldan çıxmasının səbəbi kimi onların yeni iş yerləri tapmasını göstərib:
“İşçilərin ANS-dən çıxma səbəbi ondan ibarətdir ki, onlar özlərinə yeni iş yeri tapıblar. Həmçinin qeyd edim ki, jurnalistlərin bəziləri mətbuata işdən çıxmalarının səbəbi kimi maaş problemi göstərsələr də, bu həqiqətə uyğun deyil. ANS televiziyasında işləyən aparıcılar 1000-1500 manat maaş alır. Konkret işdən çıxan aparıcılar isə təxminən 600-800 manat maaş alırdılar”, – deyə bildirən Mais Məmmədov əlavə etdi ki, aparıcıların işdən çıxmalarının digər bir səbəbi kimi televiziyadakı düzgün olmayan siyasətlə əlaqələndirmələri şayiədən başqa bir şey deyil.