AZƏRBAYCAN HÖKUMƏTİNİN CAVABLARI İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏNİN ÜZVLƏRİNİ QANE ETMƏYİB

Dünən (10 noyabr) Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) 43-cü sessiyası çərçivəsində Azərbaycan hökumətini təmsil eən nümayəndə heyəti Komitə üzvləri tərəfindən qaldırılmış suallara cavab veriblər.

Azərbaycanın Cinayət Məcəlləsində (CM) işgəncənin tərifində “ayrı-seçkilik” anlayışının əhatə olunmaması ilə bağlı suala cavabında Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nazim Abbasov bu məsələnin həll edilməsi üçün müəyyən təkliflərin Milli Məclisə göndərildiyini və məsələnin tezliklə həll ediləcəyini bildirdi. CM-nin 133-cü maddəsi ilə 161 şəxsin məişət zəminində işgəncə hallarına görə məsuliyyətə cəlb edildiyini deyən Abdullayev, bu işgəncə hallarının tərkibi, məsuliyyətə cəlb olunan şəxslərin hansı cəzalarla məsuliyyətə cəlb edildiyini, işgəncəyə məruz qalmış şəxslərin aqibəti barədə heç bir məlumat vermədi.

Penitensiar sistemlə bağlı sualları cavablandıran Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov Ədliyyə Nazirliyi yanında yaradılan İctimai Komitənin fəaliyyətinə toxunub. Onun sözlərinə görə, Komitəyə daxil olan hüquq müdafiəçiləri heç kimi xəbərdar etmədən istənilən vaxt Penitensiar Xidmətin həbsxanalarına baş çəkə bilərlər. Ələkbərov xəbərdarlığın yalnız komitə üzvləri ilə birgə Komitəyə daxil olmayan hüquq müdafiəçiləri olduqda  edilməli olduğunu qeyd etdi.  Ələkbərov hüquq müdafiəçilərinin müvəqqəti saxlanma yerlərinə deyil, yalnız həbsxanalara buraxılmasına səbəb kimi bildirdi ki, saxlanma yerlərində olan şəxslər barəsində araşdırmalar getdiyindən onların yanına hüquq müdafiəçilərinin buraxılması məsləhət görülmür.

Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov konkret işlər üzrə suallara cavab verdi. R.Usubov gənc bloggerlərin məsələsinə toxunaraq onların restoranda dava saldıqlarını, 2 nəfəri döydüklərini, bu səbəbdən də onlar barəsində cinayət işinin qaldırıldığını bildirdi. Onun sözlərinə görə, bloggerlər dərhal vəkillə təmin olunublar, sonradan onların istədikləri vəkillərlə təmin edilmələri həyata keçirilib və vəkillər bloggerlərin işi üzrə bütün mərhələlərdə iştirak ediblər.  Usubov ilkin tibbi yardımla bağlı sualı cavabsız qoyub. R.Usubov RATİ-nin sədri Emin Hüseynovun polis bölməsində döyülməsi ilə əlaqədar bildirib ki, Hüseynov və onunla birgə digər şəxslər Ce Gevara ilə bağlı keçirilən tədbirdə iştirak ediblər, icazə verilməyən tədbirdə iştirak etdikləri üçün onlardan tədbiri dayandırmaq tələb olunub, lakin buna məhəl qoyulmayıb və bu səbəbdən də tədbir iştirakçıları polis bölməsinə aparılıblar, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. R.Usubov qeyd etdi ki, Hüseynov sonradan polis bölməsində döyülməsi ilə bağlı məsələ qaldırıb, lakin müvafiq ekspertiza və iş üzrə digər hallar Hüseynovun döyülmədiyini göstərib.

Nümayəndə heyətinin rəhbəri Xələf Xələfov 2003-cü il və 2005-ci il seçkiləri dövründə baş vermiş bütün hüquq pozuntularının araşdırıldığını və təqsirli şəxslərin cəzalandırıldığını bildirdi.  2003-cü ildən son dövrlərə qədər jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı törədilən zorakılıqlar barədə verilən suallara cavab verilməyib.

Suallara tam cavabların verilməməsini və bir sualların cavabsız qoyulmasını İƏK-in üzvləri də vurğuladılar və yenidən həmin suallara cavabların verilməsini istədilər. Bununla belə işgəncə faktlarına görə polislərin və ya digər hüquq mühafizə orqanlarının əməkdaşlarının məsuliyyətə cəlb edilib-edilməməsi, Ombudsmanın işgəncə faktları ilə bağlı fəaliyyəti, hüquq müdafiəçiləri tərəfindən monitorinq aparılma qaydaları və s. məsələlər üzrə cavablandırılmayan suallar qaldı.

İƏK iki həftə ərzində qaldırılan məsələlər və mövcud problemlərin aradan qaldırılması üzrə tövsiyələr hazırlayacaq və dərc ediləcək. İƏK üzvlərinin Azərbaycana səfər etməsi ilə bağlı məsələ də gündəmdədir.  

Qeyd edək ki, noyabrın 9-da Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) 43-cü sessiyası çərçivəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan Azərbaycan QHT-ləri (D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası, Demokratiya və İnsan Hüquqları İctimai Birliyi, Hüquq Maarifçiliyi Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi, RATİ) tərəfindən İnsan Haqları Evi Fondu (HRHF) ilə birlikdə hazırlanan hesabat üzrə bəyanatla çıxış etmişdir.  

 

Azərbaycan hökumətini təmsil edən nümayəndə heyətinin tərkibi:

 

Xələf Xələfov –  Xarici İşlər nazirinin müavini,

Elçin Əmirbəyov – Azərbaycanın Cenevrədə BMT-dəki səfiri

Rüstəm Usubov –  Baş Prokurorun 1-ci müavini

Oruc Zalov – Daxili İşlər nazirinin müavini

Nazim Ələkbərov – Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi

Nazim Abbasov – Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi

Sədaqət Qəhrəmanova – Ailə, Qadın və Uşaq Komitəsinin sədr müavini

Əli Şəfiyev – Milli Təhlükəsizlik nazirinin müavini

Elsevər Ağayev – Səhiyyə nazirinin müavini

Murad Nəcəfbəyli – Xarici İşlər Nazirliyi Beynəlxalq hüquq və Müqavilələr şöbəsinin müdiri

İsmayıl Əsədov – XİN-in birinci katibi

Həbib Mikayıllı – Azərbaycanın Cenevrədə BMT-dəki Daimi nümayəndəliyinin üçüncü katibi

Samirə Səfərova – Azərbaycanın BMT-dəki nümayəndəliyinin attaşesi

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU 3 DÖVLƏT QURUMUNU MƏHKƏMƏYƏ VERİB

Next Post

EMİN MİLLİYƏ 2 İL 6 AY, ADNAN HACIZADƏYƏ İSƏ 2 İL HƏBS CƏZASI VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.