MEDİA HÜQUQU İNSTİTUTU 3 DÖVLƏT QURUMUNU MƏHKƏMƏYƏ VERİB

Media Hüququ İnstitutu (MHİ) ictimaiyyətə açıq tutulmalı olan məlumatları qapalı saxladığına görə Radiotezliklər üzrə Dövlət Komissiyasını, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsini və Milli Televiziya və Radio Şurasını məhkəməyə verib. Səbail Məhkəməsi şikayəti təmin edərsə adıçəkilən qurumlar Azərbaycanın tezlik resursları barədə məlumatları ictimaiyyətə açıqlamalı olacaqlar.

 

Media Hüququ İnstitutunun əməkdaşları oktyabrın əvvəlində Radiotezliklər üzrə Dövlət Komissiyasından və  RİTN-in Dövlət Radiotezliklər İdarəsindən Azərbaycanın radiotezlik zolaqlarının bölüşdürülməsi üzrə Milli Cədvəlin surətini, Azərbaycanda teleradio yayımı məqsədilə ayrılmış tezliklərin siyahısını istəyib. Milli Televiziya və Radio Şurasından isə teleradio yayımı məqsədilə ayrılmış, istifadəyə verilmiş, eləcə də hazırda boş olan tezliklərin siyahısı, habelə Azərbaycanda fəaliyyət göstərən teleradio kanalları monitorinq edilən zaman istifadə olunan metodologiyanı əks etdirən sənədlərin surəti, monitorinqlərin keçirilməsini nəzərdə tutan, tənzimləyən qurumdaxili normativ aktların surətləri istənilib.

RİTN-in Dövlət Radiotezliklər İdarəsi informasiya sorğularını cavablandırmayıb. Radiotezliklər üzrə Dövlət Komissiyası və Milli Teleradio Şurası isə bilgiləri verməkdən imtina ediblər.

MHİ Səbail Məhkəməsindən dövlət qurumlarının informasiya sorğusunu cavablandırmamasını qanunsuz sayan, həmin qurumların üzərinə sorğuları cavablandırmaq vəzifəsi qoyan qətnamə qəbul etməsini xahiş edib.

Previous Post

“XURAL” QƏZETİNDƏ MÜZAKİRƏ KEÇİRİLİB

Next Post

AZƏRBAYCAN HÖKUMƏTİNİN CAVABLARI İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏNİN ÜZVLƏRİNİ QANE ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.