EMİN MİLLİYƏ 2 İL 6 AY, ADNAN HACIZADƏYƏ İSƏ 2 İL HƏBS CƏZASI VERİLDİ

Bu gün (11 noyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə hökm oxunub. Hökmə əsasən, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə ilk əvvəl dövlət ittihamçısı çıxış edərək, gənclərin irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək, Emin Millinin 3 il 6 ay, Adnan Hacızadənin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarılmasını istəyib.

Gənclərin vəkilləri İsaxan Aşurov və Elton Quliyev isə çıxışlarında məhkəmə hökmünün sifarişlə olacağından əminlik ifadə ediblər. Hər iki vəkil gənclərə bəraət verilməsini istəyiblər.

Adnan Hacızadə çıxışında bildirib: “Dünən beynəlxalq gənclər günü idi. Bizə çıxarılan hökm isə Azərbaycan hökumətinin hədiyyəsi və gəncliyə münasibətinin göstəricisidir”.

Emin Milli isə bildirib ki, hökmün sifarişlə çıxarılacağına əmin olduğundan, bu hökmün onun üçün heç bir əhəmiyyəti yoxdur: “Əsas məsələ şərəfli ömür yaşamaqdır” – deyə, Emin Milli vurğulayıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Vüsal Həsənov gənclərin həbs olunmasından təəssüfləndiyini bildirsə də, onlara layiqli cəza verildiyini də vurğulayıb.

Vəkillər İsaxan Aşurov və Elton Quliyev bildiriblər ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi.

Previous Post

AZƏRBAYCAN HÖKUMƏTİNİN CAVABLARI İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏNİN ÜZVLƏRİNİ QANE ETMƏYİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.