HÜQUQ MÜDAFİƏÇİSİ KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ GÖMRÜKDƏN BAŞLAMAĞI TÖVSİYƏ EDİR

Fevralın 17-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov Heydər Əliyev adına Bakı Hava Limanında Dövlət Gömrük Komitəsində üzləşdiyi təzyiq və digər qanunsuzlar, bu qanunsuzluqlar barədə etdiyi şikayətlərə baxılmadığı və gömrükdəki çoxsaylı  qanunsuzluqlar barədə mətbuat konfransı keçirdi.

“Fevralın 1-də  Dubaydan Bakıya qayıdarkən məni hava limanının Gömrük nəzarət məntəqəsində 3 saat qanunsuz olaraq saxladılar və əsaslandırmadan əşyalarımı müsadirə ediblər. Bununla bağlı Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevə müraciət etmişdim. Lakin müraciətimə indiyə qədər rəsmi cavab verilməyib. Lakin qeyd edim ki,  bu müraciətimdən 4 gün sonra özünü Gömrük Komitəsinin Daxili Tədqiqatlar İdarəsinin rəisi kimi təqdim edən İsa adlı şəxs mənə zəng edərək işin araşdırılması üçün məni Gömrük Komitəsinə dəvət etdi. Lakin İsa müəllim ilə görüşəndə o, şikayətimin araşdırılması əvəzinə gömrük əməkdaşlarının müdafiə edilməsi ilə məşğul oldu. Mən rəisə  bildirdim ki, əməkdaşlarınız mənim razılığım  olmadan əşyalarıma baxış keçirib, halbuki sizin bunun üçün xüsusi avadanlıqlarınız var və  bu avadanlıqlar vasitəsilə çantada nələrin olduğunu asanlıqla görmək olar.  İsa müəllim mənə bildirdi ki, bizim əməkdaşlarımız bunu ona görə edirlər ki, ölkəyə narkotik maddələrin keçirilməsinin qarşısını alsınlar. Bu zaman mən Azərbaycanda Qafqazda analoqu olmayan kinoloji mərkəzin olduğunu və bu mərkəzdə əşyaları yoxlamaq üçün xüsusi təlim görmüş itlərin saxlanıldığını bildirdim. İsa müəllim yenə maraqlı arqument gətirdi. O mənə bildirdi ki, hava limanında itlərdən istifadə olunanda dindarlar etiraz edirlər”, – deyə Hüseynov  qeyd etdi.
Hüseynov onu da bildirdi ki, İsa müəllim ona  hava limanına gedərək müəyyən edilmiş rüsumu ödəməni və bundan sonra əşyalarını ala biləcəyini deyib və İmran hava limanı  gömrüyünün İmran adlı əməkdaşı ilə bu barədə telefonla danışıb da.
 “Hava limanına gəldikdə İsa müəllimin zəng edib məlumat verdiyi Sərnişin Gömrük Buraxılış məntəqəsinin rəhbəri İmran adlı şəxs məni qarşıladı və mənə Dubaydan aldığım qiymətlərdən iki dəfə artıq hesablanaraq müəyyən edilmiş rüsum məbləği olan sənədi təqdim etdi. O bildirdi ki, bu qiymətləndirməni Ədliyyə Nazirliyinin Ekspertiza şöbəsinin texniki avadanlıqlar sahəsində 13 illik təcrübəyə  malik olan ekspertlər tərtib edib. Bu qiymətləndirmə aparılarkən hətta mənim özümlə apardığı köhnə video kameraları da təzə kamera kimi qiymətləndiriblər”, –  deyə qeyd edən Emin Hüseynov İmran müəllimdən ondan müsadirə edilmiş 2 telefon, 2 ədəd televizor, 2 ədəd köhnə videokamera, avtomobil üçün lampa və avtomobil maqnitolasını müvafiq inhisarçı şirkətlərin Azərbaycana gətirdikləri və gömrükdə rəsmiləşdirdikləri   qiymətlə hesablanmasını və bu qiymətlərlə də o rüsumları ödəməyə hazır olduğunu deyib. Amma onun bu təklifi qəbul olunmayıb.
“Həm də hiss etdim ki, məni şərləmək istəyirlər, İmran müəllimin otağında iki mülki adam da var idi və qabağıma gətirib çay qoymuşdular. İnad edirdilər ki, mən o çayı içim”, – deyə qeyd edən Hüseynov onu da qeyd etdi ki, bu məsələ ilə bağlı ölkə Prezidentinə, Prokurorluğa və  Korrupsiyaya qarşı Mübariz Komissiyasına müraciət edəcək.
Hüquq müdafiəçisi hesab edir ki, Gömrükdə ciddi korrupsiya var və əgər o da digərləri kimi gömrükdə gətirdiyi əşyalar üçün təxminən 300 manat rüşvət vermiş olsaydısa bu problemlərlə də qarşılaşmazdı. Hüseynov hesab edir ki, korrupsiya, inhisarçılıq və süründürməçiliyin nəticəsində bu gün dünya bazarında qiyməti təxminən 48  qəpik olan banan  Azərbaycanda 4 manata satılır.

Previous Post

JURNALİST ONA TƏZYİQ EDƏNLƏRİN CƏZALANDIRILMASINI TƏLƏB EDİR

Next Post

NAXÇIVAN SAKİNİ PREZİDENT İLHAM ƏLİYEVDƏN SIĞINACAQ İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.