GƏNC BLOQÇULARLA BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDİLİB

Qadın humanitar və hüquq-müdafiə təşkilatlarının rəhbərləri həbsdəki gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin işinin ədalətli həllində yardım göstərmək xahişi ilə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət ediblər. Bu barədə “Turan” məlumat yayıb. Müraciətdə xatırladılır ki, bu iş dünya ictimai fikrində rezonans doğurub. Onların ictimai fəallıqlarına və internetdəki korrupsiyaya uğramış məmurlarla bağlı yerləşdirdikləri satirik videosüjetə görə həbs edildikləri barədə ümumi fikir formalaşıb.

 “Bu gənclərin işi üzrə məhkəmənin ədalətli aparılmasında yardım göstərməyinizi xahiş edirik. Sizin müdaxiləniz Emin Milli və Adnan Hacızadənin azad edilməsində dəstəyiniz beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərdi və ölkənin nüfuzuna müsbət təsir edərdi” – deyə müraciətdə qeyd edilib.

Qeyd edək ki, gənc bloqçuların barəsində Səbail rayon məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətinə sabah (22 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

DÖYÜLƏN HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İZAHATI ALINIB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ŞİDDƏTLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.