Bu gün RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov Muxtar Respublika Daxili İşlər Nazirliyinə dəvət edilərək ondan Naxçıvan Muxtar Respublikası “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazovun 15 dekabr 2009-cu il tarixində döyülməsi faktı ilə bağlı şahid qismində izahatı alınıb.
İlqar Nəsibov Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyini yaydığı məlumata da münasibət bildirib: “Məlumatda yazılanlar cəfəngiyatdır. Əvvəllər də bu cür açıqlamalar olmuşdu. Məsələ araşdırılmadan bu cür məlumatların yayılması törətdikləri əməlləri ört-basdır etməkdən başqa bir şey deyildir”.
Xatırladaq ki, 15 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin əməkdaşları Norveç səfirliyinin maliyyə, Avrasiya Əməkdaşlıq Fondunun texniki dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə – Naxçıvan Muxtar Respublika ali məktəblərində anti-korrupsiya mexanizminin tətbiqi” layihəsi çərçivəsində tələbə və müəllimlər arasında sorğu keçirərkən Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi tərəfindən döyülüb. Nəticədə Mərkəzin əməkdaşlarından İlqar Nəsibov və Vəfadar Eyvazov ciddi bədən xəsarəti alıblar.