EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AZƏRBAYCAN SİVİL TOPLUM NÜMAYƏNDƏLƏRİ ADINDAN MÜRACİƏT QƏBUL OLUNUB

Bu gün (04 yanvar) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin üzərinə saxlandığı Cəzaçəkmə Müəssisində narkotikin atılması ilə əlaqədar  növbəti toplantı keçirilib.

Toplantıda  Azərbaycan sivil toplum nümayəndələrinin yerli və beynəlxalq ictimaiyyətə müraciəti qəbul olunub. Müraciətdə bildirilir ki, Avropa İnsan Haqları Məhkəməsinin yaxınlarda verəcəyi qərarı gözləyən və 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini araşdıran jurnalist Eynulla Fətullayevdən narkotikin tapılması yeni təxribatdır. Bu təxribat Fətullayev üçün yeni həbs cəzası və həyatına təhlükə yaradır.
Daha sonra müraciətdə bildirilir ki, yerli və beynəlxalq ictimaiyyətin Fətullayevin, digər jurnalistlərin, bloggerlərin saxta ittihamlarla həbsi zamanı verdiyi bəyanatlardan əlavə konkret işlər görmək lazımdır. Qeyd olunur ki, bütün bu təqiblərin arxasında şəxsən Prezident İlham Əliyev durur və “pis ətraf” haqqında məlumatlar istehza doğurur.
Müraciət vasitəsilə demokratik dövlətlərdən və təsisatlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilir və aşağıdakı təkliflər qəbul olunmuşdur:
–    Azərbaycan hakimiyyətinin repressiyalarda əli olan bütün yüksək vəzifəli məmurlarına demokratik ölkələrə şəxsi məqsədlərlə səfər etməsini çətinləşdirən və ya mümkünsüz edən addımlar atılsın;
–    Avropa Şurası demokratiya məsələləri ilə əlaqədar özünün qətnamələrinin yerinə yetirilməsi üçün təcili olaraq yeni təsirli mexanizmlər ortaya qoysun;
–    2010-cu il Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq həmrəylik ili elan edilsin.
Bundan əlavə, toplantıda  Söz Azadlığını Müdafiə Komitəsinin strukturlaşması, Avropa Məhkəməsinə Azərbaycan vətəndaş cəmiyyəti adından məsələ ilə əlaqədar rəyin göndərilməsi və bu məqsədlə hüquqşünasların görüşünün təşkil edilməsi, eyni zamanda atılacaq digər addımlar müzakirə olunub.
Əlavə edək ki, Xatırladaq ki, dekabrın 29-da Eynulla Fətullayevin saxlandığı kameradan  0,22 qram heroin tapılıb. Jurnalistin özü və vəkili  bunun təxribat olduğunu bildirir, yaxın vaxtlarda Avropa İnsan Haqları Məhkəməsinin baş redaktorun azadlığa buraxılması ilə bağlı verəcəyi qərarın qarşının alınması kimi qiymətləndirirlər. Baş redaktor yanvar ayının 2-də Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb

Previous Post

EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Next Post

AZTV “AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞLARINI EFİRƏ VERMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.