AZTV “AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞLARINI EFİRƏ VERMƏYİB

yanvar 5th, 2010

Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin nəticələrinə dair yanvarın 2-də AzTV-də efirə gedən verilişdə “Azadlıq” qəzetinin qalib gəlmiş əməkdaşlarının adları çıxarılıb. “Azadlıq” qəzetinin yaydığı məlumatda bunun birbaşa AzTV-nin sədri Arif Alışanovun göstərişi ilə həyata keçirildiyi qeyd olunub.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, bu məqsədli şəkildə həyata keçirilməyib: “Həmin verilişdə bütün qaliblərin adları efirə verilməyib. “Azadlıq”dan başqa da bir neçə qəzetin əməkdaşları ilə bağlı məlumat verilməyib”.
Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) noyabrın 5-də elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində 33 jurnalist qalib gəlib.