EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Dünən (31 dekabr) “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində 2 aylıq həbs qət-imkan tədbiri seçilib.

Bu barədə RATİ-yə məlumat verən baş redaktorun atası Emin Fətullayevin sözlərinə görə, Eynulla dünən axsam saatlarında əvvəlcə Qaradağ Rayon Prokurorluğuna, sonra isə Qaradağ Rayon Məhkəməsinə aparılıb və məhkəmədə ona qarşı açılmış cinayət işi üzrə həbs qət-imkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. Jurnalistin atası oğlunun bir neçə gündən sonra Kürdəxanıda yerləşən Bakı İstintaq təcridxanasına köçürüləcəyini bildirib. Eynulla fətullayev hazırda 12 saylı Cəzaçəkmə Müəssisindədir.

Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb və ona qarşı Cinayət Məcəlləsinin  234.1-ci (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işinə başlanılıb. Fətullayevin özü və ailəsi, eyni zamanda yerli və beynəlxalq ictimaiyyət bu hadisəni jurnalistin cəzasının artırmaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndiriblər. Bu jurnalistə qarşı həbsxanada olan müddətdə irəli sürülən ikinci ittihamdır.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

EYNULLA FƏTULLAYEVƏ QARŞI PİS RƏFTAR GÖSTƏRİLİB

Next Post

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AZƏRBAYCAN SİVİL TOPLUM NÜMAYƏNDƏLƏRİ ADINDAN MÜRACİƏT QƏBUL OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.