RADİO TEZLİYİN AYRILMAMAĞI İLƏ BAĞLI QƏRARDAN VERİLƏN ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

dekabr 29th, 2009
Bu gün (29 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri Elçin Məmmədin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə çıxarılmış qərardan verilən şikayət üzrə proses keçirilib.

Prosesdə iddiaçı Elçin Məmməd və onun nümayəndəsi Əsabəli Mustafayev iştirak edirdi.

Əsabəli Mustafayev çıxışında bildirdi ki, “Teleradio yayımı haqqında” Qanuna əsasən, MTRŞ ildə bir dəfədən az olmayaraq boş qalmış tezliklərin siyahısını dərc etməli və bu tezliklər üzrə müsabiqə keçirməlidir. O hüquqlarını müdafiə etdiyi təşkilata efir radio tezliyinin ayrılmasından imtinanın fikir azadlığının məhdudlaşdırması kimi qiymətləndirdiyini bildirdi və Sumqayıt şəhəri ərazisində radio tezliyin ayrılması üçün MTRŞ üzərinə müsabiqə keçirilmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

Lakin hakim 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsini  qüvvədə saxlayaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul etdi.

Xatırladaq ki, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi”  İctimai Birliyi Sumqayıt şəhərində radio tezliyin ayrılması xahişi ilə 10.02.2008-ci il,  05.12.2008-ci il və 12.01.2009-cu il tarixlərində MTRŞ-ya müraciət etmiş, lakin hər dəfə rədd cavabı almışdır. MTRŞ eyni zamanda bu müddət ərzində tezliklərin ayrılması məqsədilə müsabiqə də keçirməmişdir. “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi”  İctimai Birliyi isə öz növbəsində Sumqayıt şəhəri ərazisində radio tezliyin ayrılmasına dair iddia üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etmiş, məhkəmə isə cari il iyulun 29-da iddianı rədd edən qətnamə çıxarmışdır.