BƏLƏDİYYƏ SEÇKİLƏRİ DÖVRÜNDƏ TELEKANALLARDA TƏŞVİQAT APARILMAYIB

dekabr 29th, 2009
Bu gün (29 dekabr) RATİ) mətbuat mərkəzində “Bələdiyyə seçkiləri dövründə telekanalların monitorinqi” layihəsi üzrə yekun hesabatın təqdimatı keçirildi.

Yekun hesabat barədə məlumat verən RATİ-nin əməkdaşı Rəsul Cəfərov bildirdi ki, bu hesabatdan öncə layihə çərçivəsində ilkin və aralıq hesabatlar hazırlanmışdır, hazırkı hesabat isə yekun xarakteri daşıyır və seçkilər günü də daxil olmaqla seçkilərə 10 gün qalmış müddəti əhatə edir. İlkin və aralıq hesabatlarda əks olunan tövsiyələrin nəzərə alınmadığını deyən Cəfərov yekun hesabatda xeyli narahatedici məqamların olduğunu dedi. O qeyd etdi ki, monitorinqi aparılan telekanallarda seçkiöncəsi ödənişli və ödənişsiz hər hansı bir təşviqat aparılmayıb. R. Cəfərov bildirdi ki, növbəti seçkilərdə bu kimi halların olmamasına görə, bir sıra tövsiyələr hazırlanıb və onların aidiyyatı qurumlar tərəfindən həyata keçirilməsi növbəti seçkilər dövründə vətəndaşların düzgün seçim etməsinə şərait yaradacaq:
“Tövsiyələrdə seçkiöncəsi təşviqat müddətinin 28 gündən 90 gün müddətinə kimi artırılması, bütün telekanallarda bununla bağlı maarifləndirici verilişlərin icbari qaydada yer alması, eləcə də dövlət büdcəsindən maliyyələşən telekanallarda (AzTV, İdman-Azərbaycan, Naxçıvan Dövlət Televiziyası)   hakim partiyadan başqa digər partiyalardan olan və müstəqil namizədlərə ödənişsiz efir vaxtının ayrılması kimi müddəaları  özündə əks etdirir”.

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə bağlı telekanalların monitorinqi ABŞ-ın German Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.