“DİFFAMASİYA HAQQINDA” QANUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN MİLLİ MƏCLİSƏ MÜRACİƏTLƏR OLUNUB

 Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin spikeri Oqtay Əsədova "Diffamasiya haqqında" qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması ilə bağlı müraciət edib. Bu barədə RATİ-yə Ə.Amaşovun özü məlumat verib.

 "Beynəlxalq təşkilatlar uzun müddətdir Azərbaycanda bu qanunun qəbulunun zəruri olduğunu bildirirlər. Bizim də istəyimiz odur ki, layihə Milli Məclisin növbəti sessiyasında müzakirəyə çıxarılsın. Çünki təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır".
 “Media Hüququ İnstitutu” isə yaxın günlərdə diffamasiyaya dair cinayət qanunvericiliyinin dəyişdirilməsi mövzusunu dəyirmi masa keçirmək niyyətindədir. Qurumun proqramlar üzrə koordinatoru Xalid Ağaliyevin bildirdiyinə görə, bu məqsədlə Prezident Aparatına, Milli Məclisin deputatlarına müraciət göndəriblər. Deputatlara həmçinin “Media Hüququ İnstitutu”nun Ekspertlər Qrupunun hazırladığı “İfadə azadlığı haqqında” Qanun layihəsi təklifi də təqdim edilib.
 ““İfadə azadlığı haqqında” Qanunun qəbul edilməsinə daha böyük zərurət var. Diffamasiya da ifadə azadlığının mühüm komponentlərindən biridir. Bu layihəni ona görə kompromis hesab etmək olar ki, həmin layihə Cinayət Məcəlləsinin təhqir və böhtana görə məsuliyyət nəzərdə tutan 147 və 148-ci maddələrinin ləğv edilməsini nəzərdə tutmur. Biz həmin maddələrin dəyişdirilməsini təklif edirik. Qanun Layihəsinin defamasiyaya aid təklifinə görə, Cinayət Məcəlləsinin 323-cü (Azərbaycan dövlətinin başçısının şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) maddəsi ləğv edilməli, 147 və 148-ci, eləcə də 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrin həbs cəzası nəzərdə tutan hissələri məcəllədən çıxarılmalıdır. Həmin maddələrin azadlığın məhdudlaşdırılması, ictimai işlər və cərimə cəzaları nəzərdə tutan hissələri olduğu kimi saxlanılmalıdır”.
Previous Post

ELMAR HÜSEYNOVUN İŞİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNUB

Next Post

“NOTA” QƏZETİNİN MƏHKƏMƏSİ NİZAMİ RAYON MƏHKƏMƏSİNDƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.