NEMƏT PƏNAHLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏSİ BAŞLANDI

Bu gün (4 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə Nəsimi rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirildi.

Prosesdə N. Pənahlı və onun vəkili Samir İsayev, dostu C. Fərzullayev, eləcə də vəkili Elçin Əliyev, dövlət ittihamçısı Ehtiram Baxşəliyev  iştirak edirdilər.

İlk olaraq, müdafiə tərəfin vəkilləri  –  Samir İsayev və Elçin Əliyev işin obyektiv baxışının təmin edilməsi üçün məhkəmə istintaqının keçirilməsi və Pənahlı ilə dostu haqqında olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdılar.

Qısa sürən müşavirədən sonra hakim Ə. Qasımov vəsatətlərin təmin edilmədiyini deyərək, prosesin 10 avqust saat 14:00 -a təyin edildiyini bildirdi.

Qeyd edək ki, proses zamanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rasim Əliyev polislərin fiziki təzyiqlərinə məruz qalıb və onun peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik yaradılıb.

Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Pənahlı və Fərzullayevi  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olmuşdu. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı. 17 iyun 2011-ci ildə Nəsimi rayon məhkəməsi Nemət Pənahlının 6 il, onun tanışı Ceyhun Fərzullayev barəsində isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun  həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

 

 

Previous Post

ZAQATALA SAKİNLƏRİ DİNİ AZADLIĞIN POZULDUĞUNU İDDİA EDİRLƏR

Next Post

EVLƏRİN SÖKÜLMƏSİNİ ÇƏKƏN VƏTƏNDAŞIN APARDIĞI VİDEO ÇƏKİLİŞ POLİS TƏRƏFİNDƏN MÜSADİRƏ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.