EVLƏRİN SÖKÜLMƏSİNİ ÇƏKƏN VƏTƏNDAŞIN APARDIĞI VİDEO ÇƏKİLİŞ POLİS TƏRƏFİNDƏN MÜSADİRƏ EDİLİB

     Dünən (03 avqust) Mirzəağa Əliyev küçəsində evdə insanlar ola-ola evin sökülməsini çəkən vətəndaş Şamil Muradov polislər tərəfindən saxlanılıb və onun çəkdiyi material müsadirə edilib. Bu barədə RATİ-yə Ş. Muradovun özü məlumat verib.

Onun sözlərinə görə, artıq 2 ilə yaxındır ki, evləri qanunsuz olaraq sökülən şəxslərə kömək olaraq (məhkəmə iddiaları zamanı sübut kimi istifadə edilməsi üçün) söküntünü və söküntü zamanı baş verən qanunsuzluqları videokamerası vasitəsilə çəkir. “Dünən də M. Əliyev küçəsində 3 mərtəbəli evin 2-ci mərtəbəsində adamlar ola-ola 3-cü mərtəbənin sökülməsi barədə qonşular məlumat verdilər, mən də öz növbəmdə bu söküntünü çəkdim. Hadisə yerinə polis çağırılmışdı və polislər həm ikinci mərtəbədə olan adamları, həm də fəhlələri Nəsimi rayonu 21-ci polis bölməsinə apardığı üçün mən də polis bölməsinin qabağına getdim. Bölmənin qabağında küçədə çəkiliş apararkən bölmədən çıxan polis nəfərləri məndən çəkilişi dayandırmağı tələb etdilər və məni polis bölməsinə apardılar və kameradakı kaseti məndən aldılar”, –  deyə Muradov qeyd edib.

            Polis bölməsində kapitan Arzu Babayevin onunla söhbət etdiyini deyən Muradov kasetin qaytarılmasını tələb edib, orada polis bölməsinin qarşısındakı çəkilişdən əlavə 30 dəqiqəlik çəkilişin olduğunu bildirib. Polis kapitanı Muradovun nömrəsini götürərək onunla 3 gün ərzində əlaqə saxlayacağını deyib. Muradov RATİ-yə deyib ki, 3 gün ərzində ona zəng vurmasalar özü polis bölməsinə gedəcək və bir daha kasetini tələb edəcək.    

 

Previous Post

NEMƏT PƏNAHLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏSİ BAŞLANDI

Next Post

RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.