GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (9 dekabr) Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə gənc bloqçular Adnan Hacızadənin atası Hikmət Hacızadənin  və Emin Millinin (Abdullayev) atası Paşa Abdullayev, anası Natella Abdullayevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verdi.
Qeyd edək ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, istintaq müddətində övladları ilə görüşə icazə verilmədiyi üçün, valideynlər şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevə qarşı iddia qaldırmışdılar. Səbail rayon Məhkəməsi 18 sentyabr 2009-cu ildə iddianın təmin edilməməsi barədə qətnamə çıxarıb.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

BAŞ REDAKTORUN İDDİASI QİSMƏN TƏMİN EDİLİB

Next Post

BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.