BAŞ REDAKTORUN İDDİASI QİSMƏN TƏMİN EDİLİB

Dünən (8 dekabr) Yasamal rayon məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əyyub Kərimovun ötən prosesdə qaldırdığı vəsatəti qismən təmin edərək iddiaya səbəb olmuş Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazılarda böhtan xarakterli məlumatların olub olmamasını müəyyənləşdirmək üçün ekspertiza təyin olunması ilə bağlı qərardad qəbul etdi. Belə ki, hakim vəsatətdə göstərilmiş “əgər yazılanlar faktlara söykənirsə, onu böhtan hesab etmək olarmı?” sualını vəsatətdən çıxararaq qismən təmin edib. İşin icraatı ekspertizanın cavabı müəyyən edilənə qədər dayandırılıb.
7 dekabr-da keçirilən prosesdə çıxış edən Əyyub Kərimov ona qarşı irəli sürülmüş ittihamla razılaşmadığını bildirmişdi. O, yazılarında Hacı Məmmədov olayından sonra Ramil Usubovun “Hesabat” jurnalına müsahibəsində 11 il ərzində DİN-in içərisində cinayətkar qrupdan xəbərsiz olduqlarını təsdiq etməsinə istinad etdiyini vurğulamışdı.
Ə. Kərimov Daxili İşlər nazirinin müavini Əsgər Ələkbərovun da həmin dövrdə mətbuata verdiyi açıqlamanı xatırlatmışdı: “Əsgər Ələkbərov müsahibəsində cinayətkarlıqla kifayət qədər mübarizə aparılmadığını, bu sahədə ciddi nöqsanlara yol verildiyini, Hacı Məmmədovun da bundan istifadə etdiyini bildirmişdi. Mən isə bu müsahibələrlə bağlı öz mülahizələrimi bildirmişəm”.
Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.

Previous Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.