“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERİLİB

noyabr 20th, 2009
“Azadlıq” qəzetinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndərib. Tənqidi mövqeli qəzetin müdafiəçiləri Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin şikayəti əsasında ölkədaxili məhkəmələrin “Azadlıq”a qarşı çıxardığı qərarları qanunsuz hesab edirlər.

Hüquqçular Avropa Məhkəməsindən ərizəçilərin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə verilən ifadə azadlığı, 6-cı maddəsi ilə verilən ədalətli mühakimə hüquqlarının pozulmasının tanınmasını, onların işlə bağlı çəkdikləri və düçar olduqları xərc, zərərlərin əvəzinin ödənilməsini təmin etməyi xahiş ediblər.  

     Xatırladaq ki, iş  “Azadlıq” qəzetində dərc olunmuş “Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?” sərlövhəli məqaləyə görə başlayıb. Sözügedən məqalədə amerikalı diplomatlar Metyu Brayza və Zeyno Baranın toy mərasiminin xərcinin xeyli hissəsini azərbaycanlı nazir Heydər Babayevin ödədiyini qeyd edilib. Heydər Babayev qəzetin baş redaktorunun və yazı müəllifi – hazırda Fransada mühacirətdə yaşayan Aqil Xəlilin böhtana görə həbs olunmasını istəyib. Yasamal Məhkəməsi jurnalistlərə qarşı şikayəti qismən təmin edərək, onların üzərinə şikayətçidən üzr istəmək və məqalədəki bilgiləri təkzib etmək vəzifəsi qoyub. Apellyasiya və Ali Məhkəmə aşağı məhkəmənin qərarını dəyişməyib.