EMİN MİLLİ VƏ ADNA HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

iyul 20th, 2009
Bu gün (20 iyul) Bakı Apellyasiya məhkəməsində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadə barəsində Səbail rayon məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi şikayəti üzrə proseslər keçirilib.

Hər iki prosesdə təqsirləndirilən şəxslərin vəkilləri hakimlərin dəyişdirilməsi üçün vəsatət qaldırıblar. Onlar iclası qapalı keçirdiyi üçün məhkəmə tərkibinə etiraz ediblər. Vəsatətlə bağlı müşavirə elan olunub və  etiraz qəbul olunmayıb.
Vəkil Elton Quliyevin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  verdiyi məlumata görə, hakim Camal Ramazanov Emin Millinin şikayətini təmin etməyərək, Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil İsaxan Aşurovun verdiyi məlumata görə, Adnan Hacızadənin şikayəti üzrə də analoji qərar çıxarılıb: “Hakim Camal Ramazanov həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etmədi.”
Vəkillər bildiriblər ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Qeyd edək ki, hər iki proses qapalı keçirildiyindən bir sıra səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri və  jurnalistlər məhkəməyə buraxılmayıblar.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən, qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,292/lang,az/

Video: http://www.irfs.az/content/view/2610/1/lang,az/