APELLYASİYA MƏHKƏMƏSİ DƏ XƏLİLİN VƏKİLİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏYİB

Bu gün (20 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanmasında təqsirli bilinən Sergey Strekalin barədə çıxarılmış qərardan verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib. İclas zamanı vəkil Elçin Sadıqov iki vəsatət qaldırdı.

Vəkil birinci vəsatətlə məhkəmə istintaqının yenidən aparılmasını, ikinci vəsatətlə isə cinayət işinə Baş Prokurorluq tərəfindən daxil edilmiş A.Xəlilin Sergey Strekalinlə olan bütün yazışmalarının  "Azercell" şirkətindən alınıb birbaşa məhkəməyə təqdim olunmasını istədi. Prokuror Məhərrəm Mustafayev vəsatətlərin təmin edilməməsini hakimdən xahiş etdi. Hakim vəsatətləri təmin etmədi və şikayətin məhkəmə icraatına götürüldüyünü bildirdi. Proses   27 avqust saat 13:00-a təyin edildi.
Xatırladaq ki, S.Strekalin Aqil Xəlilin bıçaqlanmasında təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa zərər yetirmə) və 234.1 (narkotik əldə edilməsi və saxlanılması) maddəsi əsasında Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin 15 iyul 2008-ci il tarixli qərarı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəlilin vəkili E.Sadıqov Xəlilin Strekalin tərəfindən bıçaqlanmadığını əsas gətirərək ona bəraətin verilməsi üçün Apellyasiya Məhkəməsinə şikayət vermişdi.
Previous Post

MİRZƏ SAKİT HƏYATINA SUİ-QƏSD HAZIRLANDIĞINI BİLDİRİB

Next Post

MİRZƏ SAKİT HƏBSXANA RƏİSİNİ MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.