MİRZƏ SAKİT HƏYATINA SUİ-QƏSD HAZIRLANDIĞINI BİLDİRİB

Bu gün (19 avqust) vəkil Əlayif Həsənov 14 saylı Cəzaçəkmə Müəssisəsində “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı, jurnalist satirik Mirzə Sakitlə görüşüb.

Vəkilin RATİ-yə bildirdiyinə görə, Sakit vəkillə söhbəti zamanı onun həyatına ciddi təhlükənin olduğunu vurğulayıb. Jurnalist məhbuslardan birinə qayçı verildiyini və onu öldürməyi sifariş edildiyini bildirib. Sakit bu hərəkətin arxasında həbsxana rəhbərliyinin durduğunu hesab edir. Sakit vəkilə bildirib ki, həmin məhbus da bunu etiarf edib.
Həsənovun sözlərinə görə, Mirzə Sakit məsələ ilə əlaqədar dərhal Penitensiar Xidmətə müraciət edib və dünən (18 avqust) müvəkkil Emin Həsənov jurnalistlə görüşüb və onun problemləri ilə maraqlanıb. Sakit ona qarşı pis münasibətin olduğunu bildirib və başqa həbsxanaya köçürülməsini istəyib. Emin Həsənov Sakitin başqa cəzaçəkmə müəssəsiəsinə köçürülməsi ilə bağlı müraciətinin müsbət həll ediləcəyini deyib. 
Həsənov Mirzə Sakitlə ünsiyyətdə olan məhbusların müxtəlif vasitələrlə incidildiyini qeyd edib: “Sakitlə yaxınlıq etmək istəyən məhbuslar icidilir, məsələn məhbusların cəzalarının başqa cəza ilə əvəzlənməsi ilə bağlı müraciətləri araşdırılmır, cəzasının müəyyən hissəsini çəkən məhbusların azadlığa buraxılma ilə bağlı müraciətlərinə məhəl qoyulmur”.
Vəkil həbsxana rəhbərliyinin Sakitin tibb mənətəqəsinə köçürməkdən birmənalı şəkildə imtina etdiyini və indiyə qədər yalnlz aclıq aksiyaları zamanı jurnalistin tibb məntəqəsinə köçürüldüyünü qeyd edib. “Bir sözlə Sakit üçün həbsxanada dözülməz şərait yaratmaq istəyirlər” – deyə Həsənov əlavə edib.
Vəkil Mirzə Sakitə belə vəziyyətdə aclıq etməyi yox, digər vasitələrdən (hüquq-mühafizə orqanlarına müraciət, ictimaiyyəti məlumatlandırmaq) istifadə etməyi məsləhət görüb. Həsənov Sakitin aclıq etməyəcəyini söyləyib.
O, Penitensiar Xidmətə müraciət edəcəyini və həbsxana rəhbərliyi kənarlaşdırılmaqla məsələ ilə əlaqədar araşdırma aparılmasını istəyəcəyini də söyləyib.       
RATİ məsələ ilə əlaqədar Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb. Sadıqov həbsxanada nə Mirzə Sakitin, nə də digər məhbusların həyatına heç bir təhlükənin olmadığını bildirib və vəkili yalnış məlumatlar verməkdə ittiham edib.

Previous Post

ZAHİDOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ XƏLİLİN VƏKİLİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.