MİRZƏ SAKİT HƏBSXANA RƏİSİNİ MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR

avqust 20th, 2008
Bu gün (20 avqust) "Azadlıq" qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidovun (Mirzə Sakit) həyat yoldaşı Rəna Zahidova jurnalistlə görüşüb.

Bu haqda məlumatı RATİ-yə R.Zahidova özü verib: "Mirzə Sakitin həyatı təhlükə altındadır. Onun həyatına iki dəfə sui-qəsd edilib, dustaqlardan biri Sakiti öldürmək üçün cəhd də göstərib. Dustaqların içərisində hadisənin şahidləri də var. O bütün bu işlərin arxasında həbsxana rəisinin durmasına əmindir".
Zahidovanın sözlərinə görə, Mirzə Sakit 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovu məhkəməyə verməyə hazırlaşır. Jurnalist hüquq müdafiəçilərindən bu işdə ona yardımçı olmalarını xahiş edib.
Jurnalistin həyat yoldaşı bu gün Ombudsman Aparatının nümayəndələrinin də Sakitə baş çəkdiklərini və hüquq müdafiəçilərinin də sabah onun yanına gedəcəklərini deyib.
Zahidova əlavə edib ki, Sakitin başqa həbsxanaya köçürülməsi ilə bağlı müraciəti müsbət həll edilməsə o uzun müddətli aclıq aksiyasına başlayacaq.