APELLYASİYA MƏHKƏMƏSİ BLOQÇULARIN ŞİKAYƏTİNİ GERİ QAYTARIB

“Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin vəkilləri Elton Quliyev və İsaxan Aşurovun polisin qanunsuz hərəkətləri ilə bağlı iddiasına əsasən Səbail rayon məhkəməsinin çıxardığı qərardan verilmiş şikayəti Apellyasiya Məhkəməsi geri qaytarıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən vəkil İsaxan Aşurovun sözlərinə görə, apellyasiya şikayətinin geri qaytarılmasının əsas səbəbi verilmə müddətinin pozulması olub. Lakin vəkil bunun bloqçuların və vəkillərin günahı üzündən baş vermədiyini bildirib. Bundan sonra hansı addımların atılacağı ilə bağlı suala cavab olaraq vəkil bildirdi ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı itirilmiş müddət hakim tərəfindən bərpa olunacaq və şikayətə baxılacaq.
Qeyd edək ki, gənc fəallar iyulun 8-də saxlanarkən Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qalmaları və onların müdafiə hüququnun pozulması ilə bağlı vəkillərin qaldırdıqları iddianın təmin edilməməsi ilə bağlı  Səbail rayon məhkəməsi iyulun 23-də qərar çıxarmışdı.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

İNTİQAM ƏLİYEVİN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.