AQİL XƏLİLLƏ SERGEY STREKALİNİN APELLYASİYA MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

sentyabr 3rd, 2008
Bu gün (03 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlaması faktı ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı hökmdən tərəflərin vermiş olduğu apellyasiya şikayəti üzrə təyin olunmuş məhkəmə prosesi davam etməli idi.

Amma proses qeyri-müəyyən vaxta  təxirə salındı.
Belə ki, Aqil Xəlilin vəkili Elçin Sadıqov Apellyasiya Məhkəməsi qarşısında vəsatət qaldıraraq prosesin məhkəmə istintaqı şəklində aparılmasını istəmişdi. Amma Apellyasiya Məhkəməsi bu vəsatəti təmin etməmişdi. Bu səbəbdən də vəkil qaldırdığı vəsatətlə bağlı kassasiya şikayəti vermişdi.
Buna görə də, hakim Kassasiya Məhkəməsinin qərarı elan olunandan sonra prosesin davam etdiriləcəyi haqqında qərar verib.
Qeyd edək ki, A.Xəlilin bıçaqlanmasında və narkotik maddələrin qanunsuz olaraq saxlanılmasında ittiham edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Sergey Strekalin  jurnalisti bıçaqladığını boynuna götürsə də narkotik maddələrlə bağlı ittihamı rədd edir və bu səbəbdən apellyasiya şikayəti verib. 
A. Xəlil isə onun S. Strekalin deyil MTN əməkdaşları tərəfindən bıçaqlandığını bildirərək məhkəmənin hökmündən apellyasiya şikayəti verib.