“ARTİCLE 19” GƏNC BLOQÇULARI AZAD ETMƏYƏ ÇAĞIRIR

“Article 19” beynəlxalq ifadə azadlığının müdafiə təşkilatı Azərbaycan  hakimiyyətini gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadəni azad etməyə çağırıb.

Təşkilatın “Turan” agentliyinə göndərilən bəyanatında deyilir ki, Apellyasiya Məhkəməsi bloqçuların şikayətinə baxarkən qərəzsizlik nümayiş etdirməlidir: “Onların xuliqanlığa görə azadlıqdan məhrum edilməsinin arxasında siyasi əsaslar durur”.
“Azərbaycanın ifadə azadlığına sadiqliyini təsdiq etməsi üçün Emin Milli və Adnan Hacızadə barəsində hökmə yenidən baxılmalıdır” deyə təşkilatın rəhbəri Anyes Kalamar bildirib.
“Article 19” narahatlıqla qeyd edir ki, jurnalistlər və mətbuat nümayəndələri peşə fəaliyyətlərinə görə təqiblərə, hədələrə və basqınlara məruz qalırlar. Eyni zamanda, ölkədə müxalif və müstəqil jurnalistlərin cəzalandırılması üçün böhtan ittihamından istifadə olunur” – deyə sənəddə qeyd edilib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmdən verilmiş apellyasiya şikayəti üzrə iş davam edir.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU 2009-CU İL ÜÇÜN HESABATINI AÇIQLAYIB

Next Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.